media-lukasen

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya səfərindən dərhal sonra Çinə yollanması siyasi dairələrdə müxtəlif ehtimallar doğurub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu səfər Belarus liderinin həm Moskvanın, həm də Kiyevin artan təzyiqləri fonunda atdığı mühüm diplomatik addım kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Aleksandr Lukaşenkoya açıq xəbərdarlıq etmişdi. Zelenski bəyan etmişdi ki, əgər Belarus ərazisindən Rusiyanın Ukraynaya qarşı dron və raket hücumlarına dəstək verən stansiyaların fəaliyyəti dayandırılmasa, Ukrayna həmin obyektlərə zərbə endirəcək.

“Bu xəbərdarlıq Lukaşenkonu ciddi şəkildə narahat etdi. Çünki Rusiya ilə müharibə şəraitində güclənmiş Ukrayna ordusu Belarus ərazisindəki istənilən hədəfi vurmaq imkanına malikdir. Digər tərəfdən, Belarus hərbi rəhbərliyi də Ukrayna ilə birbaşa müharibədə maraqlı deyil. Lukaşenko anlayır ki, Ukraynanın mümkün zərbələri onun hakimiyyətini zəiflədə bilər”, – deyə siyasi şərhçi vurğulayıb.

Elxan Şahinoğlu qeyd edib ki, bundan sonra Belarus Prezidenti ardıcıl açıqlamalar verməyə başlayıb, hətta müsahibələrinin birində vaxtilə Volodimir Zelenski haqqında işlətdiyi təhqiramiz ifadələrə görə Ukrayna liderindən üzr istəyib. O, bir neçə dəfə Belarusun müharibə istəmədiyini bəyan edib. Daha sonra isə Zelenski Belarus ərazisindəki mübahisə doğuran stansiyaların fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Şərhçinin fikrincə, Kiyevlə gərginliyin nisbətən azalmasından sonra Lukaşenko bu dəfə Moskvanın təzyiqi ilə üzləşib.

“Rusiya Belarus ərazisinin Ukraynaya qarşı hərbi əməliyyatlarda yaratdığı üstünlüklərdən imtina etmək istəmir. Buna görə də Vladimir Putin Lukaşenkonu Kremlə dəvət etdi. Görüş qapalı keçirildi və tərəflər danışıqların məzmunu barədə ictimaiyyətə heç bir məlumat vermədilər”, – deyə o bildirib.

Elxan Şahinoğlunun sözlərinə görə, Belarus Prezidenti hazırda həm Kremlin təzyiqi, həm də Kiyevin xəbərdarlıqları arasında balans saxlamağa çalışır və məhz bu şəraitdə Pekinə səfər etməsi təsadüfi deyil.

O xatırladıb ki, Lukaşenko sonuncu dəfə 2025-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində olub. Həmin vaxt Çin lideri Si Cinpin Belarusun suverenliyini və müstəqilliyini dəstəklədiklərini bəyan etmişdi.

“Lakin bu, Pekinin Belarusu Ukraynanın mümkün zərbələrindən və ya Rusiyanın təzyiqlərindən qoruyacağı anlamına gəlmir. Çin həm Rusiya, həm də Belarusla strateji tərəfdaşdır. Bununla yanaşı, Pekin Ukrayna müharibəsində açıq şəkildə Kremlin və ya Minskin tərəfində yer almaq istəmir. Çünki Çin Vaşinqton və Brüssellə münasibətləri tamamilə pozmaq niyyətində deyil”, – deyə siyasi şərhçi bildirib.

Onun fikrincə, Çin qapalı danışıqlarda Lukaşenkoya müharibədən kənarda qalmağı tövsiyə etmiş ola bilər.

“Si Cinpin Belarusun suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini bəyan etsə də, bu daha çox siyasi mesaj xarakteri daşıyır. Əgər Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməsə, Çin Belarusun müdafiəsinə qalxmayacaq”, – deyə Elxan Şahinoğlu əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər