media-207995

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıyaraq məsələni parlamentin təsdiqinə göndərməsi Türkiyəyə ciddi zərər vurmayacaq.

Bu fikirləri ERAmedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, indiyədək bir sıra ölkələrin parlamentləri oxşar qərarlar qəbul etsələr də, bunun Türkiyə üçün praktik nəticəsi olmayıb.

Siyasi şərhçi hesab edir ki, İsrail hökuməti bu addımı Ankara ilə münasibətlərin gərgin olduğu bir dövrdə ataraq ədalətsiz qərar verib. O bildirib ki, Tel-Əviv bununla ilk növbədə son dövrlər dialoqu genişləndirdiyi Ermənistanın baş naziri Nikol Paşinyana “ayı xidməti” göstərmiş olub.

“Paşinyan erməni cəmiyyətində ‘erməni soyqırımı’ mövzusunu arxa plana keçirməyə çalışdığı halda, İsrailin bu qərarı onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin mövqeyini gücləndirir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Ekspert əlavə edib ki, İsrail hökumətinin qərarı Azərbaycanın da vəziyyətini çətinləşdirir. Onun fikrincə, Türkiyənin strateji müttəfiqi olan Azərbaycan Tel-Əvivin bu addımını pisləmək məcburiyyətində qalacaq.

Elxan Şahinoğlu sonda qeyd edib ki, sözügedən “tanınma”nın hüquqi və ya real siyasi təsir gücü yoxdur və zaman keçdikcə digər oxşar qərarlar kimi unudulacaq. Bununla belə, o hesab edir ki, hazırkı şəraitdə belə bir qərar bölgədə sülh və əməkdaşlığın tərəfdarlarının deyil, əksinə, qarşıdurma istəyən qüvvələrin maraqlarına xidmət edir.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər