media-17822396345293256455_1200x630

Almaniya Bundestaqının büdcə məsələləri üzrə ekspertləri və Federal Hesablama Palatası müdafiə xərclərinin kəskin artması fonunda hərbi sənayedə qiymətlərin əsassız şəkildə yüksəldilməsi riskinə diqqət çəkiblər.

ERAmedia “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Bundestaqın müdafiə büdcəsi üzrə məruzəçisi, Sosial Demokratlar Partiyasının (SPD) deputatı Andreas Şvarts bu sahədə qiymət artımlarına meylin gücləndiyini ifadə edib. Onun sözlərinə görə, sifarişçi Bundesver olduqda məhsullar üçün fərqli qiymətlər tələb olunur.

Yaşıllar Partiyasından olan büdcə siyasətçisi Sebastian Şefer də bəzi hərbi satınalmaların beynəlxalq müqayisədə həddindən artıq baha başa gəldiyini vurğulayıb. Deputatlar nümunə kimi qoşunlar üçün nəzərdə tutulan yanacaq konteynerlərini göstəriblər. Məlumata görə, bu konteynerlərin bir ədədinin qiyməti son dörd ildə 142 min avrodan təxminən 291 min avroya yüksəlib. Qiymət artımının səbəbləri tam aydın olmadığından sifarişin genişləndirilməsi hələlik dayandırılıb.

Federal Hesablama Palatası da müdafiə məqsədli xüsusi fondun qiymətlərin yüksəlməsinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Qurumun rəyinə görə, qısa müddətdə böyük maliyyə vəsaitlərinin ayrılması qeyri-səmərəli xərcləmə riskini artırır.


media-adspc

Bənzər xəbərlər