Bütün ölkədə elektrik enerjisi eyni anda kəsildi
Kubanın bütün ərazisini əhatə edən irimiqyaslı elektrik kəsintisi baş verib.
ERAmedia xəbər verir ki, ölkənin Dövlət Elektrik Birliyi (UNE) Milli Elektrik Sisteminin tamamilə çökdüyünü və hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb.
UNE-nin sosial media hesabında yayılan məlumatda qeyd olunub ki, “Milli Elektrik Sistemində tam kəsinti baş verib. Səbəblər araşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək.”
Baş verən hadisə 2026-cı ildə Kubada qeydə alınan üçüncü, son 24 ay ərzində isə səkkizinci böyük ümummilli elektrik kəsintisi kimi tarixə düşüb.
Yerli KİV-in məlumatına görə, ölkənin elektrik sisteminin tam şəkildə yenidən işə salınması bir neçə gün davam edə bilər. Bərpa prosesi çərçivəsində əvvəlcə ayrı-ayrı bölgələrdə elektrik istehsalı mərhələli şəkildə bərpa ediləcək, daha sonra isə həmin bölgələr bir-birinə qoşularaq milli enerji şəbəkəsi tam fəaliyyətə qaytarılacaq.
Mütəxəssislərin hesablamalarına əsasən, Karib hövzəsində yerləşən Kubanın gündəlik enerji tələbatını ödəməsi üçün 100 min bareldən çox neftə ehtiyac var. Bu həcmin təxminən 40 min bareli ölkədaxili hasilat hesabına təmin olunur, qalan hissəsi isə idxal edilir.
ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqo şəraitində fəaliyyət göstərən Kubada tez-tez baş verən elektrik kəsintiləri, əsas istehlak mallarının qıtlığı, istehsalın azalması, yüksək inflyasiya və milli valyuta olan pesonun sürətlə dəyər itirməsi əhalinin gündəlik həyatına mənfi təsir göstərməkdə davam edir.









