media-17829074544042026793_1200x630

Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən böyük yəhudi qəbiristanlığında bərpa işlərinə başlanılıb. Bu addım hakimiyyət dəyişikliyindən sonra Suriyada yəhudi icmasının tarixi irsinin qorunması istiqamətində həyata keçirilən təşəbbüslərdən biri kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, bu barədə Suriya və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən və bərpa işlərinə rəhbərlik edən “Mosaic” Fondunun rəhbəri Cozef Cacati “France-Presse” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə qəbiristanlıq ərazisində təmizlik işləri aparılır, dağılmaq təhlükəsi ilə üzləşən məzarlar möhkəmləndirilir. İyul ayı ərzində isə xarici hasarın bərpası, işıqlandırma sisteminin və müşahidə kameralarının quraşdırılması planlaşdırılır.

Dəməşq hava limanına gedən yolun yaxınlığında yerləşən qəbiristanlıqda yüzlərlə məzar mövcuddur. Məzar daşlarının əksəriyyətində ibri, bir qismində isə ərəb dilində yazılar həkk olunub.

Cozef Cacati deyib ki, qəbiristanlıq Suriyada 2011-ci ildə başlayan silahlı münaqişə zamanı zərər görməyib. Onun sözlərinə görə, burada son dəfn təxminən ilyarım əvvəl həyata keçirilib. Bununla belə, son otuz il ərzində qəbiristanlığa ziyarətlər demək olar ki, dayanmışdı. Hakimiyyət dəyişikliyindən sonra isə xaricdə yaşayan suriyalı yəhudilər ata-baba yurdlarını, ibadət məkanlarını və əcdadlarının məzarlarını ziyarət etmək üçün ölkəyə gəlməyə başlayıblar.

Məlumata görə, sabiq hakimiyyət dövründə yəhudilər dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilsələr də, ölkə daxilində hərəkət və xaricə səfərlə bağlı uzun illər məhdudiyyətlərlə üzləşiblər. 1992-ci ildən sonra bu məhdudiyyətlər aradan qaldırılsa da, icmanın sayı təxminən 5 mindən 6 nəfərə enib. 2011-ci ildə Suriyada münaqişənin başlamasından sonra yəhudi icmasının fəaliyyəti daha da zəifləyib, sinaqoqlar bağlanıb. 2025-ci ilin fevralında isə Suriyada yaşayan, həmçinin ABŞ-dən gələn yəhudilərin iştirakı ilə Dəməşqdəki əl-İfranc sinaqoqunda otuz ildən sonra ilk dəfə birgə ibadət mərasimi keçirilib.


media-adspc

Bənzər xəbərlər