media-fazil-mustafa

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin vasitəçiliyi ilə tanınmış hüquqşünas Aslan İsmayılovla “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlı arasında bir neçə il davam edən məhkəmə çəkişməsinə xitam verilməsi ilə bağlı yeni detallar açıqlanıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı paylaşım edərək bildirib ki, Rəşad Məcid 2022-ci il dekabrın 3-də Aslan İsmayılova müraciət edərək Taleh Şahsuvarlını bağışlamasını və tərəflər arasında barışığın əldə olunmasını xahiş edib.

Deputatın sözlərinə görə, Rəşad Məcid müraciətində Taleh Şahsuvarlının yaranmış vəziyyətə görə dərin təəssüf hissi keçirdiyini, yazılarının doğurduğu narahatlığa görə üzr istədiyini, məhkəmə çəkişməsinə səbəb olan materialları və sosial şəbəkələrdəki paylaşımları silməyə hazır olduğunu bildirib.

Fazil Mustafa qeyd edib ki, Aslan İsmayılov cavab məktubunda fərdlərlə deyil, prinsiplərlə mübarizə apardığını vurğulasa da, Rəşad Məcidə olan hörmətinə görə Taleh Şahsuvarlı barəsində üç ilə yaxın davam edən məhkəmə prosesinə xitam verilməsi üçün məhkəməyə müraciət edəcəyini bəyan edib.

Deputat bildirib ki, həmin hadisələr Taleh Şahsuvarlının fəaliyyətinə dair ciddi suallar doğurur. Onun sözlərinə görə, Taleh Şahsuvarlı illər ərzində müxtəlif şəxslər barəsində böhtan və təhqiramiz yazılar dərc edib, hazırda isə onu FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda və guya “azərbaycançılıq çürümüşdür” ifadəsinin müəllifi olmaqda ittiham edir.

Fazil Mustafa qeyd edib ki, şəxsinə qarşı törədilməsi planlaşdırılan sui-qəsdlə bağlı cinayət işi üzrə istintaq zamanı təqsirləndirilən şəxslərin ifadələrindən onlara və sosial şəbəkələrdə fəaliyyət göstərən trollara qonşu ölkənin xüsusi xidmət orqanları tərəfindən əsasən FETÖ ilə bağlı böhtanların yayılması tapşırığının verildiyi məlum olub. O hesab edir ki, Taleh Şahsuvarlı da səsləndirdiyi iddiaların mənbəyini və əsaslarını sübut etməlidir.

Deputat vurğulayıb ki, 45 illik siyasi fəaliyyəti ərzində heç vaxt Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd hər hansı fəaliyyət göstərməyib və bu səbəbdən illərdir onun barəsində səsləndirilən ittihamlar qarşısında vicdanla dayanır.

Fazil Mustafa, həmçinin Taleh Şahsuvarlının onu debata dəvət etməsinə də münasibət bildirib. O qeyd edib ki, debat istəyən şəxslər əvvəlcə bilik və məntiq səviyyələrini nümayiş etdirməlidirlər. Deputat xatırladıb ki, illər əvvəl ANS televiziyasında keçirilən debat zamanı “Azərbaycan adlı dövlət ilk dəfə nə vaxt yaranıb?” sualına özü “1918-ci ildə” cavabını versə də, Taleh Şahsuvarlı bunun əksinə olaraq “Azərbaycan dövlətini Babək yaradıb” fikrini səsləndirib.

Deputatın fikrincə, belə mühakimə sahibi olan şəxslərlə ciddi debat aparmağın mənası yoxdur və bu cür müzakirələrdə iştirak etməyi məqsədəuyğun hesab etmir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər