media-telebe1

Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt gənclərinə müraciət edib.

ERAmedia xəbər verir ki, Tahir Mirkişili tələbə adını qazanan gəncləri təbrik edib, bu il istədiyi nəticəni əldə edə bilməyən gənclərə isə ruhdan düşməməyi tövsiyə edib.

Deputat bildirib ki, tələbə adını qazanan gəncləri qarşıda yeni biliklər, dostluqlar və imkanlarla yanaşı, həyatlarının mühüm mərhələsi gözləyir. O, əldə olunan bu imkanın gələcək, ailə və ölkə üçün böyük uğurlara çevrilməsini arzulayıb.

Tahir Mirkişili qeyd edib ki, hər hansı bir imtahanın nəticəsi insanın potensialını, istedadını və gələcəyini tam müəyyən etmir:

“Bəzən uğura gedən yol planlaşdırdığımızdan bir qədər uzun olur. Bəzən isə uğur bu deyil, digər bir imtahandan asılı olur. Əsas olan dayanmaq deyil, nəticədən dərs çıxarıb yenidən çalışmaqdır”.

Deputat vurğulayıb ki, universitet mühüm imkanlardan biri olsa da, həyatda uğura aparan yeganə yol deyil. Onun sözlərinə görə, peşə təhsili, yeni texnologiyalar, sahibkarlıq, yaradıcılıq və müxtəlif bacarıqlar gənclər üçün geniş perspektivlər yaradır.

“Sumqayıt həmişə gənclərin, zəhmətin və yeniliyin şəhəri olub. İnanıram ki, şəhərimizin hər bir gənci öz istedadı və əzmi ilə gələcəkdə uğurlu bir yol qura biləcəkdir”, – deyə Tahir Mirkişili bildirib.

Deputat tələbə adını qazananları bir daha təbrik edib, bu dəfə istədiyi nəticəni əldə edə bilməyən gənclərə isə ruhdan düşməməyi və təslim olmamağı tövsiyə edib.

“Yol davam edir. Qarşıda hələ çox imkanlar var”, – deyə Tahir Mirkişili vurğulayıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər