Doktoranturaya qəbul imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi doktorantura və dissertanturaya qəbul, eləcə də fəlsəfə doktoru səviyyəsində xarici dil imtahanlarının nəticələrini elan edib.
ERAmedia xəbər verir ki, DİM tərəfindən iyunun 25-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqları yoxlanılıb.
Məlumata görə, imtahanlarda ümumilikdə 2243 namizəd və iddiaçı iştirak edib. Onlardan 1864 nəfəri doktoranturaya qəbul, 378 nəfəri xarici dil üzrə fəlsəfə doktoru, 1 nəfəri isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak edib. 73 nəfər isə imtahana gəlməyib.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
Bundan başqa, 109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı, 1 əcnəbi iddiaçı isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş tələbləri yerinə yetirib.
Qeyd olunub ki, xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə minimum 2 bal toplamaq şərti ilə 25 və daha çox bal əldə edən namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar.
Eyni zamanda, qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahan tarixindən etibarən 5 il ərzində ilkin müzakirəyə təqdim etdikləri halda xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunacaqlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul qiymət almaq üçün isə bloklar üzrə minimum 2 bal şərti nəzərə alınmaqla 30 bal toplamaq tələb olunur.
DİM bildirib ki, imtahan nəticələri ilə bağlı apellyasiya prosesi 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə təşkil olunacaq.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrindən narazı olan namizədlər 25 iyul saat 10:00-dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla Apellyasiya Komissiyasına müraciət edə bilərlər.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanının nəticələri ilə bağlı müraciətlər isə həmin tarixlərdə [email protected] elektron poçt ünvanına göndərilməlidir. Göstərilən müddətdə qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti qəbul edilməyəcək.









