media-a815cc64-d588-4c8b-92aa-0877d923f8a7

Son illər erməni mənbələrinin qondarma “erməni soyqırımı” iddialarını əsaslandırmaq üçün istifadə etdiyi bir sıra fotoşəkillərin həqiqətə uyğun olmadığı barədə müxtəlif araşdırmalar dərc olunur.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bu cür nümunələrdən biri hesab etdiyi daha bir fotoşəkillə bağlı diqqətçəkən faktları açıqlayıb.

Onun sözlərinə görə, Erməni Soyqırımı Muzey-İnstitutunda nümayiş etdirilən və “La Passion de la Cilicie, 1919–1922” həmçinin “Armenian children of Adana on the deportation train 1915” adı ilə təqdim olunan foto ciddi tarixi uyğunsuzluqlar ehtiva edir.

“Fotonun müəllifi kimi fransız zabiti Paul du Veu göstərilir. Lakin bu iddia tarixlə uzlaşmır. Çünki Paul du Veu yalnız 1920-ci ildə ilk dəfə Osmanlı torpaqlarına gəlib. Belə olan halda onun 1915-ci ildə Adanada bu şəkli çəkməsi mümkün deyil. Digər tərəfdən, fotonun bir hissəsində 1915-ci il göstərildiyi halda, digər qeydində 1919–1922-ci illər qeyd olunur. Bu isə təqdim edilən məlumatların öz daxilində ziddiyyət təşkil etdiyini göstərir”, – deyə Zaur Əliyev bildirib.

Tarixçinin sözlərinə görə, Birinci Dünya müharibəsi dövrünə aid etibarlı fotoarxivlərdə, o cümlədən alman zabiti Armin Veqnerin və Amerika missioner təşkilatlarının kolleksiyalarında fotoşəkillərin çəkildiyi yer, tarix və müəllif barədə dəqiq məlumatlar göstərilir.

“Bu fotoda isə belə sənədləşmə yoxdur. Rəsmi arxiv qeydlərində fotonun müəllifi barədə etibarlı məlumat mövcud deyil. Adı qeyd olunan Paul du Veunun həmin dövrdə Fransada hərbi təhsil aldığı məlumdur. Yaşı və bioqrafiyası nəzərə alınarsa, onun bu fotonu çəkməsi real görünmür”, – deyə tarixçi vurğulayıb.

Zaur Əliyev qeyd edib ki, Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyası ərazisində müxtəlif xalqlara mənsub mülki şəxslərin təhlükəsiz bölgələrə köçürülməsi ilə bağlı fotoşəkillər mövcuddur.

“Həmin arxiv materiallarında türk, kürd, erməni, laz və digər millətlərdən olan insanların köçürülməsi əks olunub. Lakin bu konkret fotoşəklin məhz 1915-ci ildə Adanadan sürgün edilən erməni uşaqlarını əks etdirdiyini təsdiqləyən müstəqil sənəd və ya orijinal qeyd yoxdur”, – deyə o bildirib.

Tarixçi fotonun özündə görünən texniki detalların da iddia olunan tarixlə uyğun gəlmədiyini bildirib.

“Vaqonun alt sağ hissəsində görünən ‘438 444’ seriya nömrəsi və ‘K.St.E.V.’ – Kral Prussiya Dövlət Dəmir Yollarının ştampı diqqəti cəlb edir. Bu tip vaqonlar 1916–1917-ci illərdə Almaniya tərəfindən Osmanlı cəbhələrinə göndərilən hərbi eşelonların tərkibində istifadə olunurdu. Bu fakt fotonun İrəvan muzeyində göstərildiyi kimi 1915-ci ilin sentyabrına deyil, sonrakı dövrə aid olduğunu ehtimal etməyə əsas verir”, – deyə Əliyev bildirib.

Onun sözlərinə görə, alman hərbi fotoqrafları həmin dövrdə qatarları və vaqonları lentə alarkən yerli əhalinin, o cümlədən mülki qaçqınların görüntülərini də çəkirdilər.

“Bu səbəbdən fotoda görünən uşaqların yalnız erməni olduqlarını söyləmək mümkün deyil. Həmin dövrdə müxtəlif millətlərdən olan insanlar təhlükəsiz bölgələrə köçürülürdü”, – deyə tarixçi qeyd edib.

Zaur Əliyev fotonun vizual xüsusiyyətlərinə də diqqət çəkərək bildirib ki, uşaqların arxasında yalnız bir neçə sadə torba və vaqonun taxta bortuna bərkidilmiş brezent örtüyü görünür.

“Bu kadr dövrün hərbi qatarlarında səyahət edən mülki insanların adi görüntüsünü xatırladır. Fotoşəklin özü onun konkret olaraq zorakı deportasiya səhnəsini əks etdirdiyini sübut etmir”, – deyə o əlavə edib.

Tarixçi bildirib ki, həmin foto Almaniyanın rəsmi arxivlərində “erməni uşaqları” adı ilə qeydiyyata alınmayıb.

“İrəvandakı muzeyin də fotonun orijinal neqativinə sahib olması barədə məlumat yoxdur. Şəkildə nə tarix, nə də çəkildiyi məkan barədə orijinal qeyd mövcuddur. Məlumata görə, foto arxivə anonim mənbədən daxil olub və sonradan müəyyən başlıq altında təqdim edilib. Tarixi sənədlərlə işləyərkən belə materialların mənşəyi və autentikliyi xüsusi əhəmiyyət daşıyır”, – deyə Zaur Əliyev vurğulayıb.


media-adspc

Bənzər xəbərlər