media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

Ermənistanda yeni konstitusiyanın referenduma çıxarılması ətrafında siyasi mübarizə güclənir.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Nikol Paşinyanın referendumda yeni konstitusiya qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, qəbul olunacağı halda isə sülh prosesini yekunlaşdırdıqdan sonra baş nazir postuna namizəd olmayacağını açıqlaması hakimiyyətin referendumla bağlı böhranı aşmaq cəhdidir.

Onun sözlərinə görə, Paşinyanın hər iki halda hakimiyyətdən gedəcəyini bəyan etməsi Ermənistanda yeni konstitusiya layihəsinin referenduma çıxarılması ətrafında yaranmış siyasi vəziyyət kontekstində qiymətləndirilməlidir. Referendumun keçirilməsi üçün hakimiyyətin qarşısında üç mümkün ssenari var.

Birinci ssenari parlamentdə deputatların üçdə ikisinin – 70 nəfərin dəstəyi ilə referendum qərarının qəbul edilməsidir. Lakin 64 mandata malik “Mülki müqavilə” fraksiyasına əlavə 6 səs lazımdır. Bunun üçün müxalif deputatların dəstəyinin əldə olunması tələb olunur ki, hazırkı siyasi şəraitdə bu variant real görünmür.

İkinci ssenari parlament müxalifətına qarşı ictimai təzyiq kampaniyasının başladılmasıdır. Paşinyan daha əvvəl tərəfdarlarının parlamenti bloklamaqla müxalifəti referendum qərarını dəstəkləməyə məcbur edə biləcəyini bəyan edib. Müxalifətin yeni konstitusiyaya qarşı “Yox” kampaniyasına başlaması hakimiyyətin ictimai təzyiq strategiyasını çətinləşdirsə də, bu variant hələ də gündəmdə qalır.

Üçüncü ssenari isə əvvəlki iki variantın nəticə verməməsi halında növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Bu halda Paşinyan istefa verəcək, hökumət buraxılacaq və seçki prosesi başlayacaq. Parlament spikeri Alen Simonyan da növbədənkənar seçkilərdən çəkinmədiklərini və müxalifəti məğlub edəcəklərini bəyan edib.

Asif Nərimanlı qeyd edir ki, bu ssenaridə “Mülki müqavilə” yalnız hökuməti təkbaşına formalaşdırmaq üçün zəruri olan səs çoxluğunu deyil, həm də konstitusion çoxluğu – minimum 70 mandatı əldə etməlidir. Bu, hakimiyyət üçün riskli variant olsa da, digər ssenarilər nəticə vermədiyi təqdirdə son seçim kimi qalır. Məlumatlara görə, hakimiyyət nəticə əldə edə bilməyəcəyi təqdirdə ilin sonuna qədər növbədənkənar seçkilərə gedə bilər.

Hazırda əsas diqqət ikinci ssenariyə – müxalifət üzərində ictimai təzyiqin artırılmasına yönəlib. Yeni konstitusiya layihəsinin gələn həftə dərc olunması, daha sonra “Mülki müqavilə” tərəfindən parlament müzakirəsinə çıxarılması gözlənilir. Paşinyan parlament müzakirələri ərəfəsində müxalifətə siyasi mesaj verir: hakimiyyətdən uzaqlaşdırılmasını istəyirlərsə, referendumun keçirilməsinə dəstək verməlidirlər. Xalq yeni konstitusiyaya “Yox” deyərsə, o, postundan gedəcəyini, “Hə” deyərsə, sülh prosesini yekunlaşdırdıqdan sonra baş nazirliyə namizəd olmayacağını bildirir.

Siyasi təhlilçinin qənaətinə görə, Paşinyanın bu bəyanatının arxasında iki əsas məqsəd dayanır. Birincisi, müxalifəti referendumun keçirilməsi qərarına razı salmaq, ikincisi isə cəmiyyətə hakimiyyətdə qalmaq deyil, Ermənistanı sülhə aparmaq məqsədi güddüyü mesajını verməkdir. Bununla hakimiyyət yeni konstitusiya layihəsinə ictimai dəstəyi artırmağa çalışır.

Paşinyan eyni zamanda müxalifəti siyasi dilemma qarşısında qoyur. Referendumun keçirilməsinə qarşı çıxan qüvvələr hakimiyyətin təqdim etdiyi siyasi çərçivədə ya referendumun keçirilməsinə mane olan tərəf, ya da sülh prosesinə qarşı mövqedə duran qüvvə kimi təqdim edilə bilərlər. Hakimiyyətin bu ritorikadan yeni konstitusiyaya veto qoyan müxalifətə qarşı ictimai təzyiq kampaniiyasında istifadə etməsi gözlənilir.

Beləliklə, Paşinyanın istefa ilə bağlı açıqlaması təkcə siyasi gələcəyi barədə bəyanat deyil, həm də referendumun keçirilməsi, müxalifətin mövqeyinin zəiflədilməsi və yeni konstitusiya layihəsinə ictimai dəstəyin artırılması istiqamətində hesablanmış siyasi gediş kimi görünür.

Vüsalə


media-adspc

Bənzər xəbərlər