Vaşinqton, Moskva və Pekin arasında yeni geosiyasi hesablaşma - ŞƏRH
ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli sammiti qlobal güc rəqabətinin tənzimlənməsi, beynəlxalq böhranların idarə olunması və böyük dövlətlər arasında strateji dialoq baxımından mühüm geosiyasi hadisə kimi qiymətləndirilir.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, Çin lideri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin eyni masa arxasında əyləşməsi qlobal siyasətdə güc balansının və rəqabət münasibətlərinin müzakirəsi baxımından əhəmiyyətli məqamdır.
Onun sözlərinə görə, Vaşinqton Ukrayna münaqişəsinin həlli prosesində Pekinin Moskva üzərindəki təsir imkanlarından yararlanmağa çalışır. Üç liderin müzakirəsinin Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurmasının qarşılıqlı təsirlərinin genişləndiyi bir dövrə təsadüf etməsi də sammitin geosiyasi əhəmiyyətini artırır.
Aqşin Kərimov qeyd edib ki, Vladimir Putin bu görüş vasitəsilə Rusiyanı ABŞ və Çinlə bərabərhüquqlu qlobal güc mərkəzi kimi təqdim etməyə çalışır. Donald Trampın əsas hədəfi isə ABŞ-nin beynəlxalq liderlik mövqeyini qorumaq, Çin və Rusiya ilə birbaşa dialoqu genişləndirmək, İranın nüvə proqramı və strateji silahlara nəzarət kimi məsələlərdə konkret razılaşmalara nail olmaqdır.
Təhlilçi hesab edir ki, Pekin də sammitdən öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışır. Çin qlobal siyasi nüfuzunu artırmaq, ABŞ və Rusiya ilə münasibətlərdə böyük güc statusunu möhkəmləndirmək, beynəlxalq diplomatiyada aparıcı rolunu nümayiş etdirmək niyyətindədir. Pekin Rusiyanın strateji baxımdan zəifləməsində maraqlı deyil, eyni zamanda ABŞ ilə birbaşa qarşıdurmadan yayınmağa və Ukrayna müharibəsi, nüvə silahlarına nəzarət məsələlərində öz maraqlarını qorumağa çalışır.
Aqşin Kərimovun fikrincə, üçtərəfli sammiti müharibələrin sona çatması və ədalətli dünya nizamının formalaşdırılması baxımından həlledici dönüş nöqtəsi kimi qiymətləndirmək doğru olmazdı. Böyük güclərin maraqları bir sıra məsələlərdə üst-üstə düşsə də, fundamental strateji ziddiyyətlər hələ də qalmaqdadır.
Siyasi təhlilçi sammitin mümkün presedent yaratmaq xüsusiyyətinə də diqqət çəkib. Onun qənaətinə görə, gələcəkdə geosiyasi gərginliyin kritik həddə çatdığı, eskalasiya risklərinin yüksəldiyi situasiyalarda ABŞ, Rusiya və Çin liderlərinin böhran kommunikasiyasını təmin etmək məqsədilə birbaşa görüşləri üçün belə formatın zəmin yaratması mümkündür.
Bu baxımdan, üçtərəfli təmas yalnız konkret gündəlik məsələlərin müzakirəsi deyil, həm də böyük güclər arasında böhranların idarə olunması üçün yeni diplomatik mexanizmlərin formalaşması ehtimalı kontekstində diqqət çəkir.
Mələk Onur










