media-1637415266_ermenistan

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Ermənistanın NVIDIA və “Firebird” xətti ilə süni intellekt sahəsində həyata keçirdiyi layihələrin yalnız yeni data-mərkəzlərin yaradılması kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib.

ERAmedia-nın məlumatına görə, Osman Gündüz hesab edir ki, Ermənistan təxminən 10 ildir texnologiyaya əsaslanan yeni iqtisadi model formalaşdırmaq istiqamətində addımlar atır və hazırda qurulan süni intellekt infrastrukturu həmin modelin mühüm elementlərindən biridir.

Onun sözlərinə görə, burada əsas məsələ “Firebird” və ya NVIDIA-nın Ermənistan büdcəsinə ödəyəcəyi vergilər deyil, yaradılan infrastrukturun ətrafında yeni AI və İT sənayesinin formalaşmasıdır.

“Hesablama gücü varsa, onun ətrafına startaplar, mühəndislər, universitetlər, vençur kapitalı və qlobal şirkətlər gəlir. Uğurlu olarsa, zamanla yeni nəhəng texnologiya şirkətləri və yeni milyardlıq “unicorn”lar yarana bilər”, – deyə Osman Gündüz vurğulayıb.

O qeyd edib ki, bu prosesdə Ermənistanın arxasında NVIDIA kimi dünyanın aparıcı texnologiya şirkətlərindən birinin dayanması xüsusi əhəmiyyət daşıyır.

Ekspert xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın NVIDIA rəhbəri Jensen Huang ilə ilk görüşləri şirkətin indiki qlobal mövqeyindən xeyli əvvəl baş tutub.

“Bu əməkdaşlığın əsası çox-çox əvvəldən qoyulub”, – deyə o bildirib.

Azərbaycan İnternet Forumunun rəhbərinin fikrincə, Ermənistanda hazırda yalnız data-mərkəz deyil, gələcək iqtisadi və texnoloji gücün formalaşdırılması prosesi gedir.

O hesab edir ki, bu gün yaradılan infrastrukturun real nəticələri 10-15 ildən sonra daha aydın görünə bilər. AI və İT sektorlarının gələcəkdə Ermənistan iqtisadiyyatının və büdcə gəlirlərinin əhəmiyyətli hissəsini, hətta 30-40 faizini formalaşdıran sahələrdən birinə çevrilməsi ehtimalını nəzərə almaq lazımdır.

Osman Gündüz bunun yalnız iqtisadi məsələ olmadığını, belə bir inkişafın ölkənin siyasi və hərbi imkanlarına da təsir göstərə biləcəyini bildirib.

“Güclü iqtisadiyyat siyasi və hərbi imkanları da artırır. Gələcəkdə Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını da nəzərə alsaq, qonşuda formalaşan belə bir iqtisadi və texnoloji gücə laqeyd yanaşmaq olmaz”, – deyə o qeyd edib.

Osman Gündüz əlavə edib ki, Azərbaycan da süni intellekt və yüksək texnologiyalar sahəsində öz imkanlarını genişləndirməli, qlobal texnologiya şirkətlərinin ölkəyə investisiya yatırması üçün daha əlverişli mühit yaratmalıdır.

O bildirib ki, ötən həftə ABŞ səfirliyinin iqtisadi məsələlər üzrə müşavirinin dəvəti ilə keçirilən görüşdə ABŞ və Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq sənədləri, süni intellekt sahəsində potensial və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Mən də son dövrdə Azərbaycanda bu istiqamətdə atılan addımları qeyd etdim və ABŞ texnologiya şirkətlərinin Azərbaycana daha böyük investisiyalar yatırmasının hər iki tərəf üçün faydalı ola biləcəyini bildirdim. Azərbaycanın bunun üçün ciddi enerji, coğrafi və infrastruktur potensialı olduğunu çatdırdım”, – deyə o bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər