... hər güclü kollektivdə bir neçə qeyri-rəsmi təsir mərkəzi formalaşır - ARAŞDIRMA
Komandalarda ritmi və həmrəyliyi pozan ən mürəkkəb problemlərdən biri “alfa liderlərin toqquşmasıdır”.
Demək olar ki, hər güclü kollektivdə bir neçə qeyri-rəsmi təsir mərkəzi formalaşır. Onlar böhran zamanı məsuliyyəti üzərinə götürür, ən ağır yükü daşıyır, qərarsızlıq anlarında komandaya istiqamət verir və sistemi ayaqda saxlayırlar. Bir çox şirkətlər məhz belə insanların hesabına çətin dövrlərdən çıxır.
Lakin problemin ən təhlükəli tərəfi də elə burada başlayır:
Alfaların enerjisi şirkəti böyütdüyü kimi, onların idarəolunmayan egoları şirkəti daxildən parçalaya da bilir.
Beynəlxalq təşkilati davranış araşdırmaları göstərir ki, yüksək təsir gücünə malik şəxslərin bir komandada olması performansı avtomatik artırmır. Əksinə, səlahiyyət və təsir zonaları dəqiq bölünmədikdə “relationship conflict” — yəni şəxslərarası güc konflikti yaranır və bu, komanda effektivliyini ciddi şəkildə zəiflədir.
Araşdırmalar göstərir ki:
• Güclü və yüksək təsirli komandalar bəzən aşağı güclü komandalardan daha zəif nəticə verir. Səbəb isə daxili proses konfliktlərinin artmasıdır.
• 70 layihə komandası üzərində aparılan araşdırmada müəyyən olunub ki, bir neçə qeyri-rəsmi liderin olduğu kollektivlərdə təsir balansı düzgün qurulmadıqda münasibət konfliktləri artır və bu birbaşa performansa mənfi təsir edir.
• Digər tədqiqatlar göstərir ki, emosional intellekti yüksək olan liderlər konfliktləri dağıdıcı deyil, konstruktiv istiqamətə yönləndirməkdə daha uğurludur. 20 araşdırmanı və 5175 iştirakçını əhatə edən meta-analiz bunu açıq şəkildə təsdiqləyib.
Ən kritik məqam budur:
Alfa liderlər adətən problemi həll etməyə öyrəşirlər, amma başqa bir alfa ilə işləməyə yox.
Çünki:
— hər biri sürətli qərar vermək istəyir
— hər biri təsir dairəsini qorumağa çalışır
— hər biri öz metodunun daha doğru olduğuna inanır
— heç biri geri planda qalmaq istəmir
Nəticədə isə:
Şirkətin əsas enerjisi bazar, müştəri və inkişaf uğrunda deyil, daxili güc mübarizəsinə sərf olunur.
Ən təhlükəli mərhələ isə odur ki, komanda artıq iki hissəyə bölünməyə başlayır:
“filankəsin adamları” və “digərinin komandası”.
Bu nöqtədən sonra:
ritm pozulur, qərarlar ləngiyir, informasiya axını zəifləyir, intriqalar artır və şirkət daxildən yorulmağa başlayır.
Peşəkar idarəetmə burada çox vacib bir həqiqəti qəbul etməlidir:
Güclü komanda yaratmaq üçün sadəcə güclü insanlar toplamaq kifayət deyil.
Əsas məsələ o güclərin bir-birini məhv etmədən eyni istiqamətə yönləndirilməsidir.
Beynəlxalq liderlik araşdırmaları göstərir ki, konfliktin tam yoxluğu deyil, onun düzgün idarə olunması yüksək performans yaradır.
Peşəkar şirkətlər buna görə:
— səlahiyyət sərhədlərini əvvəlcədən müəyyən edir
— qərarvermə mexanizmini şəffaf qurur
— ego idarəetməsini liderlik mədəniyyətinin bir hissəsinə çevirir
— şəxsi nüfuz savaşına deyil, ortaq missiyaya fokuslanır
Çünki ən böyük şirkətləri zəiflədən səbəb çox vaxt rəqiblər deyil, idarəolunmayan daxili alfa konfliktləri olur.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









