media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514
Azərbaycan sahibkarının ən ağrılı nöqtələrindən biri satış deyil…
Ən ağır problem — debitorların idarəetmədən çıxmasıdır.
Çünki biznesi məhv edən hər zaman zərər deyil.
Bəzən şirkətləri öldürən şey — qazanılmış pulun geri dönməməsidir.
Bu gün bir çox şirkətlərin daxilində görünməyən, amma səssiz şəkildə böyüyən bir maliyyə metastazı var:
gecikən ödənişlər, uzanan alacaqlar, pozulan cash-flow və domino effekti ilə çökən sistemlər.
Debitor idarəçiliyini mən atom elektrik stansiyasına bənzədirəm.
Sistem işlədiyi müddətdə hər şey sakit və nəzarətdə görünür.
Amma ən kiçik boşluq, ən zəif nəzarət, ən yanlış müştəri seçimi və ya ən gecikmiş ödəniş bütün mexanizmi iflic edə bilir.
Bu gün Azərbaycanda minlərlə sahibkarın yaşadığı görünməyən psixoloji yorğunluğun əsas səbəblərindən biri də budur:
şirkət işləyir, satış var, dövriyyə var… amma pul yoxdur.
Ən təhlükəlisi isə qarşılıqlı asılılıq sistemidir.
Bir şirkətin ödənişi gecikəndə, onun təsiri zəncirvari şəkildə digər bizneslərə keçir.
Bir müəssisənin cash-flow problemi başqa bir müəssisənin maaş fondunu, kredit ödənişini, təchizatını və hətta reputasiyasını dağıda bilir.
Beynəlxalq araşdırmalar artıq bunu qlobal biznes böhranı kimi qiymətləndirir:
• Atradius-un 2025 hesabatına görə Qərbi Avropada B2B fakturaların təxminən 47%-i gecikir. Şimali Amerikada bu göstərici 43%-dir.
• Araşdırmalar göstərir ki, biznes uğursuzluqlarının təxminən 82%-i zəif cash-flow idarəçiliyi ilə bağlıdır.
• ABŞ-da kiçik bizneslərin 56%-i gecikmiş ödənişlər səbəbilə daimi likvidlik problemi yaşayır.
• Qlobal B2B ticarətində artıq gecikən ödənişlər “istisna” yox, sistematik davranış modelinə çevrilib.
Ən ağrılı məqam isə budur:
Bir çox sahibkar illərlə qurduğu biznesə bazar rəqabətinə görə yox, debitor yükünə görə əlvida deyir.
Çünki zamanında gəlməyən alacaq:
— təkcə pul deyil,
— enerji aparır,
— motivasiya aparır,
— etibar aparır,
— insanın həyata olan həvəsini aparır.
Bizneslərin çoxu gəlirsizlikdən yox, nəzarətsiz riskdən çökür.
Müasir dövrdə artıq satış etməyi bacarmaq kifayət deyil.
Ən böyük peşəkarlıq — verdiyin məhsulun və xidmətin pulunu vaxtında geri qaytara bilməkdir.
Şirkətin real gücü balans hesabatında deyil, cash-flow nəfəsində ölçülür.
Çünki nəfəsi dayanan biznesin ürəyi də çox yaşamır.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər