İlahi yolçuluq: “Bu da keçər” əsəri hansı simvollar üzərində qurulub

- Rəsul Mirhəşimli
(Əvvəli burada https://eramedia.az/ilahi-yolculuq-bu-da-kecer-eseri-hansi-simvollar-uzerinde-qurulub-5)
Hər bir insan səbr etdiyi qədər mövcuddur. İnsan Həqiqət qatında da səbri qədərindədir. Toxum sakitcə torpağı dələr, cücərib üzə çıxar. Bu hal da torpaqdan qat-qat kövrək olan toxumun vüsala yetişməsi üçün səbr edə bilməsidir. Şakiri əsərin bir yerində var-dövləti əldən çıxmış, başqa bir yerdə Həddadın bütün sərvətinin ona qaldığını görürük. Şakirin bu vəziyyətdə təsvir olunması şairin İstiğna mərhələsinə işarə etməsidir. Şakir Həddadın qapısında qulluqçu olmasına da qane olur, onun var-dövlətinə qovuşmasına da. İstiğna ifadə baxımından qane olmaq deməkdir. Hər şeyin Haqdan gəldiyini bilən insanın əzablara da səbrlə qane olmasıdır. Təsəvvüf istilahı kimi isə İstiğna ehtiyacsızlıq, heç nəyə bağlı olmamaq mərhələsidir. Şakirin istiğnası kamil arif olaraq təkcə Haqqa ehtiyac duymasıdır. Şakir artıq elə dərəcəyə yetişib ki, Haqdan başqa nə varsa ona laqeyddir.
Çətinliyə dözmək bacarığı, riyazət (Riyazət – insanın öz nəfsini (istək və həvəslərini) tərbiyə etmək, səbr və intizam qazanmaq üçün könüllü olaraq bəzi rahatlıqlardan imtina etməsi deməkdir – R.M) Şakiri Vəhdət məqamına yetişdirir. Şakirin bu məqama yetməsi səbrini tərk etməmsi ilə bağlıdır. Vəhdət xilqətin iradəsinin Xaliqin iradəsində yox edərək, təkcə Haqqın iradəsini tanımaqdır. Vəhdət məqamı Vəhdəti-şühud və Vəhdəti-vücud olaraq iki yerə bölünür. Vəhdəti-şühud mərhələsində yola girən yolçu aləmdə olan bütün varlıqları Allahın təcəllisi olaraq görər. Vəhdəti-vücuda görə isə Haqdan başqa varlıq yoxdur. Bütün varlıqlar Onun əzəli və əbədi varlığına nəzərən kölgədən başqa bir şey deyil. Bu istilahı təsəvvüf nəzəri fikrinə gətirən alim Mühyiddin ibn Ərəbi (1240-cı ildə vəfat edib) olmuşdur.
Əsərin bir yerində Dərvişi Həccə getmiş görürük. Əttar bu məsələ ilə seyri-süluk və seyriləllahı (xalqdan Allaha doğru seyr) göstərmək istəyir. Şairin nəzmə çəkdiyi ibadət bu dəfə adi insanın deyil, Şakirin həyatını müşahidə edərək irşada yetişmiş bir salikin ibadətidir. Dərvişin həcci ariflik məqamının görsənişidir. İmam Cəfəri Sadiqdən (ə) dərs almış, orta əsrlərin məşhur övliyalarından olan Bəyazid Bistami (776-cı ildə anadan olub) qeyd edir ki, hacılar Kəbənin dövrəsində, ariflər isə qəlbi ilə ərşin dövrəsində təvaf edirlər (Təvaf Kəbənin ətrafında yeddi dəfə dönməyə deyilir – R.M.). Kəbə ərşdəki Allah evinin yer üzündəki nişanəsidir. Bu Evin ətrafında sadəcə yeddi dövrə vurmaqla qəlbi arındırmaq mümkün deyil. Bunun üçün qəlbi Haqqa tərəf yönəltmək lazımdır. Ərşdə Allah evinin ətrafında mələklər dönər, yerdə insanlar. Qəlbini Haqqa yönəldib təvaf eədən insan mələk mərtəbəsinə yüksələr. Həm də mələkdən canı, ruhu və idrak dərəcəsinə görə üstün olar.
Şakirin qəbir daşı üzərində “Bu da keçər” yazısını görməklə Dərviş Heyrət mərhələsinə daxil olur. Dərvişin heyrəti bu məqamda qəflətdən ayrılmanın heyrətidir, Əttar bu məqamı simvolizə etməklə Haqqın cəlal və camalını tanımaqdan doğan arifanə heyrəti göstərmək istəyib. Lakin arifin Haqqı tanımağı Onun camalının dünya gözü ilə görmək anlamına gəlməz. Əgər Əttar bu məntiqin əleyhinə getsəydi, o zaman “Gözlər Onu dərk etməz. O, gözləri dərk edər” (“əl-Ənam” surəsi, ayə 103) hikmətini danan münkir olardı. Ancaq Əttar barəsində bu fikri irəli sürmək ən azından haqsızlıq sayılardı.
Heyrətə düşmüş yolçu bu məqama yetişəndə çaşqınlığa düşər, yolunu itirər. Tovhiddən canına nəqş olunmuş hər şeyi əldən gedər. Bu mərhələdə yolçunun qeyb olması da yadından çıxar. Buraya yetişən sərxoş, yoxsa ayıq olduğunu bilməz. Fani, yoxsa Baqi olduğunu idrak etməz. Keçilməsi gərəkən bu son vadinin adı Fənadır. Burada yüz minlərlə sonsuz kölgənin Günəş işığında yoxa çıxdığını görərsən. Bu yoxluqdan çıxan şəxs arif olar, ona bir çox sirlər açılar.
Şakirin qəbrinin bir selə axıb getdiyi simvol Fəna mərhələsinə eyhamdır. Bu, son mərhələ Dərvişi Arif məqamına yetirir. Elə bu ariflik məqamının kəraməidir ki, Dərviş bir üzük üzərindəki yazı ilə ümidsizlərin ümidini artırır, sevincli anlarında insanı yersiz qürurlanmaqdan çəkindirir.
“İnsan qəlbi iki xanəli bir evə bənzər. O xanənin birində sevinc, o birində kədər qərar tutub. Gülərkən elə gülün ki, qəlbinizin sevinc otağı ilə qonşu yaşayan kədəri oyatmayasınız”. “Bu da keçər” hekayətini oxuduqca hərdən sevinib, hərdən heyrətə düşdüyümüz bu ibrət əsərinin təhlili barədə bunlar bizim bildiklərimizdir.
Doğrusunu isə Allah bilir!










