İlahi yolçuluq: “Bu da keçər” əsəri hansı simvollar üzərində qurulub

- Rəsul Mirhəşimli
(Əvvəli burada https://eramedia.az/ilahi-yolculuq-bu-da-kecer-eseri-hansi-simvollar-uzerinde-qurulub-4)
Əttar əsərində Mürşid-Mürid münasibətlərinin bir qədər fərqli məziyyətlərini yaradır. Bu da şairin daha çox simvolların dili ilə danışması ilə bağlıdır. Biz əsərdə Dərvişin Şakirə, sadəcə, qonaq olduğunu görürük. Ənənəvi dərvişliyə görə, təkyədə təlim keçmənin əlamətləri hiss olunmur burada. Şakir saliki irşada yetirən Mürşiddir. Yəni Dərvişə öz həyat tərzi ilə elə dərs verir ki, onu əsərin sonunda bir hökmdarı sıxıntıdan qurtara biləcək məşhur şeyxə çevirir.
Əttarın nə üçün bu rəmzlərdən istifadə etdiyini anlamaqdan ötrü mürid olmaq təsnifatına diqqət yetirmək lazımdır. Müridlər üç cür olur: Müridi-mütləq, müridi-məcazi və müridi-mürtəd. Dərvişlə Şakir münasibətləri Müridi-məcazi dərəcəsindədir. Dərviş Şakir yanında bir ömür təlim keçməmiş, yalnız bəzi müşahidələr onu heyrətə salmışdır. Hər mərhələdə Dərvişi təəccübləndirən Şakirin “bu da keçər” məntiqinə dayanmasıdır. Şakirin bu məntiqi isə yenə Qurani-Kərimdən qaynaqlanır. Allah-təala müqəddəs Kitabında buyurur: “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insana gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır” (“Ali-İmran” surəsi, ayə 14).
Dərvişin qızmar səhradan keçməsinə işarə ilə Əttar onun Eşq vadisinə yetişdiyini göstərir. Eşq sevginin ən yüksək və ifrat dərəcəsidir. Mahiyyəti ruhla bağlıdır. Yəni təlimlə bu mərhələyə yetmək mümkün deyil. Dərvişin qızmar, atəşin yandırdığı bu vadiyə qədəm qoyması ilə Tələb mərhələsi ortaya çıxır. Qəlbində ilahi eşqə qovuşmaq ehtiyacları yaranan Dərviş bu mərhələdə Mətlubdur. Əsərdə Dərviş Həqiqət yolunun yolçusu, Şakir isə Həqiqət olaraq tanınır. Bu mərhələyə bir ömrün çətinlikləri içərisində çox az insan yetişə bilər. Bu pillələri keçərkən hədəfə yetişmənin çətinliyi ilk mərhəldə göz önünə alına bilmir. Həqiqətə yetmək üçün keçilən hər mərhələ təkamül nərdivanları, Tələbdən Fənaya doğru gedərək, Fənanın Fənası, yəni Bəqanı (Əbədiyyəti) idrak edər. Əsərin bir yerində Şakiri bu dünyanı tərk etmiş görürük. Simvolik aləmdə tərk etmək kamala yetişməyin yeganə yoludur.
Dərvişin Şakiri görmək istəməsi onun Tələb mərhələsinə yetməsidir. Bu məqamda Dərviş nəfsi meyllərdən və kəsrətdən keçib vəhdətə doğru yol alan kamil insan rəmzi sayılan Şakirlə qarşılaşır. Bu mərhələ Haqqı və mütləq camalı tələb edən insana işarədir.
Şakirin qonaqpərvərliyi, hətta ailəsinin belə Dərvişin qulluğunda durmasına işarə etməklə Əttar qəhrəmanını Mərifət mərhələsində göstərmək istəyir. Bu məqamda Şakir arifdir. Çünki mərifət və arif eyni kökdən olduğu üçün bu məqamda olmaq yalnız ariflərə xas olan keyfiyyətdir. Mərifət Haqqı qəlb aynasında kifayət qədər tanımaqdar. Bu mərhəlyə çatmaq üçün ağıl və məntiq yetərli deyil. İnsan qəlbi və nəfsi müxtəlif yollarla paklanmalı, mənəvi-ruhi kamilləşmə mərtəbəsinə yetişməlidir. Yalnız bundan sonra Haqqın qəlbə hakim olmasının nəşəsini yaşamaq olar. Elə ki, qəlb Həqiqət üçün yetərincə arındısa, daha maddi dəyərin anlamı qalmır.
Şakirin qonaqpərvərliyindən başlayaraq hər mərəhələdə «bu da keçər» ifadəsinə bir neçə yerdə rast gəlirik. Əttar bu ifadələri təsadüfən işlətməmişdir. Şair bu yerdə yenə ilahi məntiqə işarə vurur. Allah-təala Qurani-Kərimdə buyurur: “Dünya həyatı əyləncə və oyundan başqa bir şey deyil. Axirət yurdu isə Allahdan qorxanlar üçün daha xeyirlidir…” (“əl-Ənam” surəsi, ayə 32).
Əttar bu məntiqlə Şakirin dilindən Dərvişə nəyi öyrətmək istəyir? Heç şübhəsiz, Şakirin Dərvişə təlqin eləmək istədiyi keyfiyyətin adı səbrdir. Səbr ucalma və fəzilətə yetişməyin mühüm hissəsi və iradənin qələbəsidir. Səbr olmazsa, nə ruhu inkişaf etdirməkdən, nə də ucalaraq mənliyin sirlərinə yetişməkdən danışıla bilməz. İnsan səbrlə torpağa, ətə, sümüyə bağlılıqdan qurtulur. Səbr ucalıqlar səltənətinə yetişmək üçün dar bir keçiddir. O, fitrətin yaxasında cərəyan edən harmoniyanın insan tərəfindən sezilməsi, qavranması və təqlid edilməsidir.
Səbr əşya və hadisələrin dilini anlama və onlarla dialoq qurmaq cəhdidir. Məhz bu səbəbdən Əttar öz əsərində hadisələri elə seçir ki, Dərviş dəyişik vəziyyətlərdə Şakirin halını görə bilsin. Şakirin dünya malına dəyər verməməsi, dünyada əbədi olmamağın həqiqətini göstərməsi Mütləq Həqiqətdən başqa hər şeyin keçici olacağına işarədir. Mövlana Cəlaləddin Rumi “Məsnəvi”sinin I cildində yazır: “Nə vaxtadək dünyanı tutub gedəcəyəm, varlığımla bu dünyanı dolduracağam deyəcəksən? Dünya başdan-başa qarla dolsa, Günəş bircə dəfə parlayıb baxınca hərarəti hamısını əridər. O xəyal, qüsurları örtər, hikmət halını gətirər. O, zəhəli suyu şərbətə döndərər”.
(Ardı var)









