İllərin yaratdığı düşüncə tərzi: Fədakarlıqdan praqmatizmə
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, cəmiyyətdə ödənişsiz əməyə münasibətin dəyişməsi təsadüfi deyil, uzun illər ərzində formalaşmış sosial yanaşmanın nəticəsidir.
ERAmedia xəbər verir ki, Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, bir tanışının “ödənişsiz iş dəyərləndirilmir” məzmunlu paylaşımı onu düşünməyə vadar edib.
Onun sözlərinə görə, ilk anda həmin fikrə etiraz etmək, “sən yarat, cavab gözləmə” demək istəyib. Lakin keçmişlə bu günü müqayisə etdikdə fərqli nəticəyə gəlib.
“Bizim nəsil ölkəmizə fayda vermək naminə çalışırdı. Ancaq bu gün həmin insanların çoxunun adı heç yerdə çəkilmir. İndiki gənclər isə daha çox yaxşı ödənilən işə üstünlük verir və qarşılığı olmayan əməyə vaxt sərf etmək istəmirlər”, – deyə o qeyd edib.
Mehriban Zeynalova vurğulayıb ki, bu yanaşmanı yalnız praqmatizm kimi qiymətləndirmək düzgün olmaz. Onun fikrincə, bu, cəmiyyətin illər boyu insanlara verdiyi dərsin nəticəsidir.
“Təcrübə bəzən ən amansız müəllimdir. Onun öyrətdiyi həqiqətlə mübahisə etmək çətin olur. Odur ki, deyirəm, haqlısan, dostum”, – deyə ictimai birlik sədri fikirlərini yekunlaşdırıb.









