media-lacin

Laçının işğaldan azad olunması Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, avqust ayı həm də Laçının azadlığı ilə Azərbaycan tarixində xüsusi yer tutur.

Deputat qeyd edib ki, strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərdən sonra isə Laçın rayonunun işğalına son qoyulub. 2020-ci il dekabrın 1-də Laçın rayonu, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarılıb.

Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur.

“İşğaldan azad olunandan sonra Laçın rayonu sürətli bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Qısa müddət ərzində burada məskunlaşma prosesinə də start verilib. Uzun illər ata-baba yurdlarından kənarda yaşayan Laçın sakinləri mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar”, – deputat bildirib.

O qeyd edib ki, hazırda Laçın rayonunda 979 ailə, ümumilikdə isə 3665 nəfər məskunlaşıb. Onlardan 614 ailə, yəni 2264 nəfər Laçın şəhərində, 217 ailə (823 nəfər) Zabux kəndində, 59 ailə (215 nəfər) Sus kəndində, 89 ailə (363 nəfər) isə Bəylik kəndində yerləşdirilib.

Deputat vurğulayıb ki, Böyük Qayıdış Proqramına uyğun olaraq Laçın rayonunda məskunlaşma prosesi davam etdirilir:

“Bir zamanlar işğal nəticəsində dağıdılan və baxımsız vəziyyətə salınan Laçın bu gün yenidən qurulur, inkişaf edir və regionun əsas mərkəzlərindən birinə çevrilir. Burada həyata keçirilən genişmiqyaslı layihələr və əhalinin doğma yurda qayıdışı Laçının gələcək inkişafı üçün möhkəm zəmin yaradır”.

Vüqar Bayramov əlavə edib ki, Laçının dirçəldilməsi Azərbaycanın Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindən biridir və qarşıdakı dövrdə rayona qayıdan sakinlərin sayının daha da artması gözlənilir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər