...insanlar artıq “araşdırmağa” yox, “inanmağa” meyilli olur - TƏHLİL
Ehtimalları fakt kimi danışan, qeybətlər üzərindən insanları ittiham edən cəmiyyətlərdə artıq prokurora da ehtiyac qalmır. İnsanlar bir-birinin hakimi, şahidi və cəza verəninə çevrilir.
Ən təhlükəlisi isə odur ki, yalan sürətlə yayılır, həqiqət isə yorularaq onun arxasınca qaçır. Sosial şəbəkələrin, emosional manipulyasiyanın və informasiya xaosunun içində insanlar artıq “araşdırmağa” yox, “inanmağa” meyilli olur. Psixologiyada buna təsdiqləmə qərəzi (confirmation bias) deyilir — insanlar eşitmək istədikləri şeyə daha tez inanırlar.
Bu gün ən böyük problemlərdən biri odur ki, bir çox insan “bilmirəm” demək əvəzinə, ehtimalı həqiqət kimi təqdim edir. Halbuki bir insanın şərəfi haqqında səsləndirilən əsassız fikir bəzən hüquqi cəzadan daha ağır dağıntılar yaradır. Çünki yalan təkcə məlumatı deyil, etibarı, münasibətləri və cəmiyyətin mənəvi immunitetini də zədələyir.
Araşdırmalar göstərir ki, dezinformasiya və şaiyələr cəmiyyətlərdə qorxu, aqressiya və qütbləşməni artırır, hətta sonradan təkzib olunsa belə insanların beynində iz buraxır.
Sağlam düşüncə modeli isə fərqlidir:
* Eşitdiyini dərhal həqiqət saymır.
* Hər məlumatı mənbə ilə ölçür.
* Emosiyaya yox, fakta dayanır.
* “Məncə” ilə “həqiqət budur” arasındakı fərqi bilir.
* Bir insan haqqında hökm verməzdən əvvəl vicdanını və ədalət hissini işə salır.
Çünki bir cəmiyyətin səviyyəsi texnologiyası ilə yox, insanların bir-birinin haqqına nə qədər diqqət etməsi ilə ölçülür.
Haqqa girməyin normallaşdığı yerdə isə nə güvən qalır, nə sağlam münasibət, nə də uzunömürlü sistem.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant










