İran Hörmüz boğazında iki ticarət gəmisini raketlə vurdu
ABŞ-ın “Axios” nəşrinin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, İranın İnqilab Keşikçiləri Korpusu ötən gecə Hörmüz boğazından keçən iki ticarət gəmisinə azı iki raket atıb.
ERAmedia xəbər verir ki, məlumata əsasən, hər iki gəmi ciddi zədələnib, lakin hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, Hörmüz boğazında, Oman sahilləri yaxınlığında cənub istiqamətində hərəkət edən tankerdən fövqəladə çağırış daxil olub.
Məlumata görə, tanker mənbəyi naməlum olan sursatla vurulub və gəmidə yanğın baş verib.
“Axios” yazır ki, hücumdan sonra ABŞ-ın bölgədəki İran hədəflərinə qarşı hərbi cavab zərbələri endirə biləcəyi ehtimal olunur.
Bununla yanaşı, Tehran hələlik yayılan iddialarla bağlı rəsmi açıqlama verməyib.
Bildirilir ki, hadisə ABŞ və İran arasında Hörmüz boğazında hücumların dayandırılmasını nəzərdə tutan bir həftəlik razılaşmanın başa çatmasından dərhal sonra baş verib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirib ki, ölkənin keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimində milyonlarla iranlı iştirak edib.
Əraqçi qeyd edib ki, İran xalqı və silahlı qüvvələri heç bir təhdiddən çəkinmir. O, razılaşma memorandumunun 13-cü maddəsinə istinad edərək vurğulayıb ki, ABŞ-dan gələn təhdidlər davam edəcəyi təqdirdə yekun saziş üzrə danışıqlara başlanılmayacaq.










