media-neft_new

İsveçrədə İran ilə ABŞ arasında qalmaqalla müşahidə olunsa da baş tutuan danışıqlar və razılaşma dünya neft bazarına öz təsirini o saat göstərdi. Tərəflərin Hörmüz boğazını açmaq barədə əldə etdikləri razılıq treyderləri arxayın saldı ki, yaxın gələcəkdə bazarın təchizatı bərpa olunacaq. Elə buna görə dünya bazarında neftin qiyməti bir qədər də düşdü.

ERAmedia xəbər verir ki, London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,59 faiz azalaraq 79,29, WTI markalı neftin 1 barelinin qiyməti isə 0,59 faiz azalaraq 75,44 dollara satılır. İtaliya limanında satılan Azərbaycanın “Azeri Light” neftinin qiymətində isə 2,71 faiz artım müşahidə edilib və 91,48 dollara satılır.

Türkiyənin Ceyhan limanından fərqli olaraq Azərbaycan nefti İtaliya limanlarında daha baha qiymətə satılır ki, bunun da səbəbi Ceyhandan İtaliyaya qədər nəqliyyat xərcinin qiymətə əlavə olunmasıdır.

Dünya bazarında neftin qiymətinin düşməsinin daha bir səbəbi İranın neft naziri Möhsün Paknejadın açıqlamasıdır. O bildirib ki, İran Qərb şirkətlərinin İranın neft sənayesinə sərmaya yatırmasına razıdır və artıq bəzi danışıqların aparılması üçün zəmin hazırlanıb. Lakin İranın neft strategiyası yalnız xam nefti satmaqdan ibarət deyil. İran xarici sərmayəni yalnız neftin quyulardan çıxarılması üçün deyil, həmçinin infrastruktur yaradılması üçün istifadə etmək niyyətindədir. Rəsmi Tehran istəyir ki, yatırılan sərmayə ilə neftayırma, qaz emalı zavodları tikilsin, neftin nəqli üçün kəmərlər çəkilsin, ölkədə iş yerləri yaradılsın və sərmayədar ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulsun.

Hələlik Qərbin iri neft şirkətləri nazirin bu açıqlamasına münasibət bildirməyiblər ki, bunun da səbəbi aydındır. Şirkətlər danışıqların tam başa çatmasını sülh müqaviləsinin imzalanmasını və sabitliyin dayanıqlı olub-olmadığını müəyyən edəndən sonra işə başlaya bilərlər. Bunun üçün isə bir müddət vaxt lazımdır.

Hələlik neft treyderləri Hörmüz boğazının açılmasını gözləyirlər. Boğazın ödənişli olacağını isə İran ilə ABŞ həll edəcək. Siyasi razılaşma əldə edilib, hazırda tərəflər texniki məsələləri müzakirə edirlər.


media-adspc

Bənzər xəbərlər