İran Səhiyyə Nazirliyi: ABŞ-nin hücumları nəticəsində 14 nəfər ölüb
İran Səhiyyə Nazirliyi cümə axşamı bildirib ki, ABŞ-nin son iki gündə İranın beş əyalətinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 78 yaralı var.
ERAmedia xəbər verir ki, nazirliyin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kirmanpur “X” sosial media şəbəkəsində yazıb: “ABŞ son iki gündə İranın beş əyalətini hədəfə alıb. Zərbələr indiyə qədər 14 ölüm və 78 yaralanma ilə nəticələnib”.
Nazirliyin məlumatına görə, yaralılardan 47-si xəstəxanadadır, qalanları isə tibbi yardım aldıqdan sonra evə buraxılıb.
İranın dövlət xəbər agentliyi IRNA-nın Xuzistan əyalətinin təhlükəsizlik məsələləri üzrə qubernator müavini Vəliullah Hayatiyə istinadla verdiyi məlumata görə, qurbanlardan üçü cənub-qərbdəki Əhvaz şəhəri yaxınlığında həlak olub.
Vaşinqtonun Tehranı Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücum etməkdə günahlandırmasından sonra gərginlik artıb və bu, ABŞ-ni İranın cənub sahili boyunca hərbi hədəflərə ardıcıl hücumlar etməyə vadar edib.










