İrandan Trampa XƏBƏRDARLIQ
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ administrasiyasının İran xalqına münasibətdə heç vaxt səmimi davranmadığını bəyan edərək, Vaşinqtonu “öhdəlik müqabilində öhdəlik” prinsipinə riayət etməyə çağırıb.
ERAmedia bildirir ki, İsmayıl Bəqayi sosial şəbəkə hesabında ABŞ-ın mövqeyi və imzalanmış razılaşma ilə bağlı açıqlama verib.
O bildirib ki, İran xalqının ABŞ-a etimadsızlığı üçün əsaslı səbəblər olsa da, Tehran diplomatik prosesə xoş niyyətlə qoşulub və məcburi şəkildə ölkəyə sırıdılan müharibənin dayandırılması ilə bağlı razılaşmanı imzalayıb.
Bəqayi vurğulayıb ki, iranlılar gələcək addımlarını atarkən tarixi təcrübələri rəhbər tutacaqlar.
“İran xalqı bilir ki, düşmənin düşmənçiliyi bir razılaşma ilə sona çatmır. Buna görə də hər addım ayıq-sayıqlıqla, xüsusilə son ilyarımda baş verən hadisələr və son 5-10 ilin təcrübələri nəzərə alınaraq atılacaq”, – deyə o qeyd edib.
ABŞ rəsmilərinin razılaşma ilə bağlı ziddiyyətli açıqlamalarını tənqid edən Bəqayi bildirib ki, bu cür bəyanatlar iranlıların formalaşmış etimadsızlığını azaltmayacaq, əksinə, Vaşinqtonun əvvəlki qeyri-səmimi mövqeyini xatırladacaq.
Nazirlik sözçüsü əlavə edib ki, razılaşmanın mətnində yer alan açıq müddəalara tam şəkildə əməl olunmalıdır.
“ABŞ administrasiyası nəzərə almalıdır ki, ‘öhdəlik müqabilində öhdəlik’ prinsipi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini və razılaşma mətninin açıq müddəalarına zidd olan şərhlərdən çəkinməyi tələb edir”, – deyə Bəqayi vurğulayıb.










