media-iraq

Araşdırmaçı jurnalist Heydər Oğuz İraqın mövcud siyasi və iqtisadi vəziyyəti, eləcə də Türkiyə ilə münasibətlərinə dair diqqətçəkən fikirlər səsləndirib.

ERAmedia xəbər verir ki, Heydər Oğuz bildirib ki, İraqın yeni Baş naziri Əli Zeydinin Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkə arasında beş müqavilənin imzalanması nəzərdə tutulsa da, imzalanma mərasimində maraqlı hadisə yaşanıb. Onun sözlərinə görə, İraqın nəqliyyat naziri Vehb Salman əl-Həsəni əvvəlcə “Qalxınma yolu” layihəsi ilə bağlı sənədi imzalamaqdan imtina edib.

Araşdırmaçı jurnalistin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşısına beş deyil, dörd müqavilə mətninin gətirildiyini gördükdən sonra bunun səbəbini soruşub. Bundan sonra İraqın Baş naziri nümayəndə heyəti ilə qısa müzakirə aparıb və nəqliyyat naziri sənədi imzalamağa razı salınıb.

Heydər Oğuz hesab edir ki, bu hadisə İraq hökumətinin qərarvermə prosesində xarici təsirlərin mövcudluğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. O iddia edir ki, İranın təsiri altında fəaliyyət göstərən bəzi siyasi qüvvələr ölkənin milli maraqlarından daha çox Tehranın siyasi mövqeyini nəzərə alırlar.

Araşdırmaçı jurnalist qeyd edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra ölkədə sabit və səmərəli idarəetmə sistemi formalaşmayıb. O, İraq Baş nazirinin hüquq məsələləri üzrə müşaviri Munir Həddadın İraqın rəsmi INA agentliyinə istinadən səsləndirdiyi fikirlərə əsaslanaraq bildirib ki, son 23 ildə korrupsiya nəticəsində dövlət büdcəsindən ümumilikdə 2 trilyon dollardan çox vəsaitin mənimsənildiyi iddia olunur.

Heydər Oğuzun sözlərinə görə, bu vəziyyət İraqın iqtisadi imkanlarına ciddi zərbə vurub. O bildirib ki, dövlət büdcəsində yaranan problemlər səbəbindən hökumət məmurların maaşlarının ödənilməsində çətinlik çəkir, enerji təchizatında uzunmüddətli fasilələr müşahidə olunur və ölkənin inkişafına yönəlmiş beynəlxalq layihələrin icrasında da problemlər yaşanır.

Araşdırmaçı jurnalist vurğulayıb ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına əsasən, İraqın 145–150 milyard barel həcmində sübut edilmiş neft ehtiyatı mövcuddur. Bu göstərici ölkəni dünyanın ən böyük neft ehtiyatına malik dövlətlərindən biri edir və qlobal ehtiyatların təxminən 8–9 faizinə bərabərdir.

Sonda Heydər Oğuz bildirib ki, belə zəngin təbii resurslara malik ölkənin iqtisadi və sosial problemlərlə üzləşməsi idarəetmə, korrupsiya və xarici siyasi təsirlərlə bağlı ciddi suallar doğurur.


media-adspc

Bənzər xəbərlər