Kəlbəcərdə sursat partlayıb, xəsarət alan var
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində iyulun 21-də sursat partlayışı hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, bu barədə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini Sərxan Ələsgər oğlu İsgəndərov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
“Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, – deyə məlumatda vurğulanıb.










