Kino niyə tamaşaçı itirir? - Müsahibədə səslənən fikirlər müzakirələrə səbəb oldu
Aktyor Elməddin Cəfərovun müsahibəsində səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Günel Musa bildirib ki, müsahibədə yer alan bəzi fikirlər mübahisəli görünsə də, xüsusilə məsuliyyət, vicdan və kino sektorunun iqtisadi vəziyyəti ilə bağlı səslənən yanaşmalar üzərində düşünməyə dəyər.
Onun sözlərinə görə, kinoteatrlarda bilet və əlavə xidmətlərin qiymətlərinin artması iqtisadi baxımdan məntiqli izaha malik olsa da, bunun tamaşaçı sayına mənfi təsiri danılmazdır. Jurnalist qeyd edib ki, ailə ilə kinoya getməyin xərci artdıqca insanlar daha münasib qiymətli və ya alternativ istirahət formalarına üstünlük verirlər. Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də müzakirə olunan məsələlərdəndir.
Günel Musa vurğulayıb ki, Elməddin Cəfərovun tamaşaçı mədəniyyəti ilə bağlı fikirləri də diqqət çəkir. Onun qənaətincə, tənqid cəmiyyət üçün vacibdir, lakin təhqir heç vaxt tənqid sayıla bilməz. Yaradıcı insanların əməyinə münasibət emosiyalarla deyil, arqumentlərlə ifadə olunmalıdır.
Araşdırmaçı jurnalistin fikrincə, müsahibədə ən çox diqqət çəkən məqamlardan biri dövlət tərəfindən kino istehsalına ayrılan vəsaitlərlə bağlı səsləndirilən sərt ifadə olub. O qeyd edib ki, bu cür fikirlər cəmiyyətdə uzun illər ərzində formalaşmış etimadsızlıq və korrupsiya ilə bağlı şübhələrin mövcudluğunu əks etdirir. Bununla belə, bu, ümumiləşdirici iddia kimi qəbul edilməməli, konkret faktlar hüquqi qaydada araşdırılmalıdır.
Günel Musa hesab edir ki, Elməddin Cəfərovun əsas mesajı təkcə kino sənayesi ilə bağlı deyil. Onun sözlərinə görə, burada söhbət daha geniş mənada vicdan, ictimai məsuliyyət və dövlət vəsaitinə münasibətdən gedir. Jurnalist bildirib ki, büdcədən ayrılan vəsait səmərəli və şəffaf xərclənmədikdə bundan yalnız bir film deyil, bütövlükdə sahə zərər görür. Nəticədə keyfiyyətli filmlərin sayı azalır, tamaşaçı kinodan uzaqlaşır və yaradıcı insanların motivasiyası zəifləyir.
Mələk Onur









