media-050122-qasim-comerd-tokayev-qazaxistan-prezidenti

Belarusun Ukraynadan mümkün zərbə alacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti qurum daxilində növbəti ciddi sınağa çevrilə bilər.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, belə bir ssenaridə təşkilatın üzvləri olan Qazaxıstan və Qırğızıstanın Minskin dəstək çağırışına müsbət cavab verməsi inandırıcı görünmür.

Onun sözlərinə görə, hər iki Mərkəzi Asiya dövləti KTMT üzvü olsa da, Belarusun Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi işğalçı hərbi planlarda iştirakına görə məsuliyyət daşımır.

“Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyatı yoxdur. Digər tərəfdən, hər iki dövlət Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, – deyə siyasi şərhçi vurğulayıb.

Elxan Şahinoğlu xatırladıb ki, 2022-ci ilin yanvarında Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayev ölkədə baş verən iğtişaşlarla əlaqədar KTMT-dən yardım istəmiş və göstərilən dəstəyə görə təşkilata təşəkkür etmişdi. Lakin onun fikrincə, həmin hadisələrlə Ukraynaya qarşı aparılan işğalçı müharibəyə dəstək arasında ciddi fərq var.

Siyasi şərhçi hesab edir ki, əgər Minskin mümkün müraciətinə Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməsələr, bu, KTMT-nin nüfuzuna növbəti ağır zərbə olacaq. Onun sözlərinə görə, belə bir vəziyyət Ermənistanın da təşkilatdan çıxmaq qərarını asanlaşdıra bilər.

Elxan Şahinoğlu Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlər keçirməsi barədə açıqlamasına da diqqət çəkib.

O bildirib ki, nazirliyin vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırması da təsadüfi deyil.

“Bu təlimlər Qazaxıstan ordusunun işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hazırlaşdığı anlamına gəlmir. Əksinə, bu addım Astanaya təzyiq göstərmək istəyən qüvvələrə verilən mesaj kimi qiymətləndirilməlidir”, – deyə Elxan Şahinoğlu əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər