Mərdəkanda dənizdə batan 2 nəfərdən biri xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralıda, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə ERAmedia-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş – 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.










