Mərkəzi Bankda ekspertlərlə görüşdə hansı məsələlər müzakirə olundu?
Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə növbəti görüşü keçirilib.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz görüşün artıq ənənə halını alan platforma çərçivəsində kifayət qədər açıq, səmimi və peşəkar müzakirələrlə yadda qaldığını bildirib. Onun sözlərinə görə, ekspertlər bank-maliyyə sektorunun mövcud vəziyyəti, rəqəmsal bankçılıq və gələcək inkişaf istiqamətləri ilə bağlı çoxsaylı suallar ünvanlandırıblar. Taleh Kazımov isə bütün sualları ətraflı və səbirlə cavablandırıb.
Osman Gündüz qeyd edib ki, bəzi məsələlərdə fikir ayrılıqları olsa da, müzakirələr qarşılıqlı hörmət və sağlam dialoq şəraitində keçib. Onun sözlərinə görə, fikir ayrılıqları yaranan məqamlarda tərəflər öz mövqelərində qalıblar.
Forum rəhbəri görüş zamanı qaldırdığı əsas məsələlərə də toxunub. O bildirib ki, uzun illər müzakirə olunduqdan sonra nəhayət cari ildə əsasən Mərkəzi Bankın təşəbbüsü və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə vençur maliyyələşməsi və kraudfandinq haqqında qanunlar qəbul edilib. Osman Gündüz vurğulayıb ki, növbəti mərhələdə Mərkəzi Bank tərəfindən hazırlanacaq normativ aktların hazırlanması zamanı startap ekosisteminin, investorların və bazar iştirakçılarının rəylərinin nəzərə alınması vacibdir.
Onun sözlərinə görə, müzakirə olunan digər mühüm mövzulardan biri Mərkəzi Bank sədrinin gələcəkdə rəqəmsal manatdan daha çox stablecoin modelinə üstünlük verilməsi ilə bağlı yanaşmasının perspektivləri və bu istiqamətdə nəzərdə tutulan model olub.
Osman Gündüz həmçinin açıq bankçılığın hazırkı vəziyyəti, FinTex şirkətlərinin prosesdə iştirakı, gözləntilər və API ekosisteminin genişləndirilməsi məsələlərini də gündəmə gətirdiyini bildirib.
Bundan başqa, o, bir müddət əvvəl Azericard-da baş vermiş texniki problemlərin təkrarlanmaması üçün görülən tədbirlər və ödəniş infrastrukturunun dayanıqlığının gücləndirilməsi istiqamətində atılan addımların da müzakirə edildiyini diqqətə çatdırıb.
Sonda Osman Gündüz Mərkəzi Bankın şəffaflığın artırılması, ekspert ictimaiyyəti ilə davamlı dialoqun qurulması və bu cür müzakirə platformalarının formalaşdırılması istiqamətində atdığı addımları müsbət qiymətləndirib.
Vüsalə










