MilliNet2026 müsabiqəsinə hazırlıqlara start verilib
Milli İnternet Mükafatı – MilliNet2026 müsabiqəsinə hazırlıq işlərinə başlanılıb.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı Təşkilat Komitəsində ilkin müzakirələrin aparıldığını bildirib.
Onun sözlərinə görə, görüşdə cari ildə hansı nominasiyaların daha aktual olacağı, MilliNet münsiflər heyətinin tərkibində rotasiyanın həyata keçirilməsi, yeni sponsorların cəlb edilməsi, müsabiqə qaydalarının təkmilləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Osman Gündüz qeyd edib ki, artıq yeni sponsorlardan müraciətlər daxil olub. O vurğulayıb ki, sponsorluq və dəstəklə bağlı yeni müraciətlərə də açıqdırlar.
AİF rəhbərinin sözlərinə görə, bu il bəzi nominasiyaların birləşdirilməsi, münsiflər heyətinin tərkibinin yenilənməsi, ölkənin rəqəmsal sektorunun inkişafına və müasir tendensiyaların dəstəklənməsinə yönəlmiş addımların atılması planlaşdırılır.
O əlavə edib ki, MilliNet2026 müsabiqəsinin ənənəvi olaraq sentyabr ayında başlaması, dekabr ayında isə yekunlaşdırılması nəzərdə tutulur.
Osman Gündüz rəqəmsal resurs sahiblərini müsabiqəyə indidən hazırlaşmağa çağıraraq bildirib ki, bütün rəqəmsal platformalar və layihələr MilliNet2026-da iştirak üçün hazırlıqlarını indidən planlaşdıra bilərlər.










