media-f99b94a5-e100-4989-af2d-2acf8aa59906

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində yaranan yanacaq çatışmazlığı Moskvanı alternativ tədarük mənbələri axtarmağa vadar edib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiyada yanacaqdoldurma məntəqələrində növbələrin yaranması və yanacaq qıtlığının dərinləşməsi ölkə iqtisadiyyatına da mənfi təsir göstərməyə başlayıb.

Onun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu axtaran Rusiya hökuməti Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaqda maraqlıdır. Lakin Astana bu məsələdə tələsik qərar vermək niyyətində deyil.

Siyasi şərhçi qeyd edib ki, Qazaxıstan rəhbərliyi anlayır ki, Rusiyaya yanacaq satışı beynəlxalq ictimaiyyət tərəfindən Ukraynaya qarşı davam edən işğalçı müharibəyə dolayısı ilə dəstək kimi qiymətləndirilə bilər. Bu səbəbdən də ölkə rəhbərliyi həm siyasi, həm də iqtisadi riskləri diqqətlə nəzərdən keçirir.

Elxan Şahinoğlu xatırladıb ki, Qazaxıstan Energetika Nazirliyi də rəsmi açıqlamasında neft məhsullarının tədarükü ilə bağlı beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin yalnız sərbəst resurs potensialı mövcud olduğu halda mümkün olduğunu bildirib. Nazirlik vurğulayıb ki, Astana üçün əsas prioritet ölkənin daxili bazarının yanacaqla tam və fasiləsiz təmin edilməsidir.

“Qonşu dövlətlərə ixrac yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsinə heç bir risk yaratmadığı halda həyata keçirilə bilər”, – deyə siyasi şərhçi nazirliyin mövqeyinə diqqət çəkib.

Elxan Şahinoğlu hesab edir ki, Astana Rusiyanın müraciətinə cavab verərkən yalnız iqtisadi maraqları deyil, həm də mümkün beynəlxalq siyasi nəticələri nəzərə almağa məcburdur. Onun fikrincə, buna görə də Qazaxıstan bütün riskləri dəqiq hesablayaraq ehtiyatlı siyasət yürütməyə çalışır.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər