Müğənninin yeni obrazı etiraz doğurdu: “Milli dəyərlərə hörmətsizlikdir”
Müğənni Dilarə Kazımovanın yeni klipi üçün seçdiyi səhnə obrazı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
ERAmedia xəbər verir ki, bəstəkar Məryəm Əlibəyli ifaçının fotodakı geyimini sərt tənqid edərək bunu milli dəyərlərə zidd hesab edib.
Bəstəkar sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Dilarə Kazımovanın açıq geyimlə, uzun hörüklü və papaqlı çoban obrazı yaratmasını qəbul etmədiyini bildirib. O, bu seçimin Azərbaycan çoban obrazını təhrif etdiyini və milli dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini vurğulayıb.
Məryəm Əlibəyli paylaşımında müğənninin səhnə və kliplərində istifadə etdiyi geyimlərin ifrat və vulqar olduğunu iddia edərək, belə obrazların Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərinə uyğun olmadığını qeyd edib. O, həmçinin geyimin müəllifini də tənqid edərək, çoban yapıncısının fərqli formada təqdim edilməsini və ümumi konsepsiyanı qəbul etmədiyini ifadə edib.
Qeyd edək ki, Dilarə Kazımova sözügedən obrazdan hansı ideyanı çatdırmaq istədiyi ilə bağlı hələlik ictimaiyyətə açıqlama verməyib.









