Norveç nümunəsi: Keçmişinə sahib çıxan millət necə qalib gəlir?
Dünya çempionatı başlayandan etibarən tribunaları bəzəyən azarkeşlər arasında milli kimliyini, tarixini və mədəniyyətini ən uğurlu şəkildə nümayiş etdirən ölkələrdən biri Norveç olub.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Norveç uzun illərdir dünyanın ən xoşbəxt ölkələri sırasında ilk yerlərdə qərarlaşır və bunun əsas səbəblərindən biri cəmiyyətin öz tarixi, milli kimliyi və mədəni dəyərləri ilə sıx bağlı olmasıdır.
Onun sözlərinə görə, Skandinaviya mədəniyyətinin ayrılmaz hissəsi olan norveçli azarkeşlər aqressiyadan uzaq davranışları, rəqibə hörmətlə yanaşmaları və yüksək mədəniyyət nümayiş etdirmələri ilə seçilirlər.
Tarixçi qeyd edib ki, hazırda 2026-cı il dünya çempionatı çərçivəsində Norveç azarkeşlərinin nümayiş etdirdiyi “Vikinq avarçəkməsi” adlı tribunal ritualı dünyanın müxtəlif ölkələrində sürətlə yayılır.
“Tribunadan zərb səsi eşidilən kimi minlərlə norveçli azarkeş eyni anda yerə əyləşir, özlərini qədim vikinq gəmisində təsəvvür edərək sinxron şəkildə avarçəkmə hərəkətləri edir və birlikdə ‘RO!’ – yəni norveç dilində ‘Avar çək!’ nidalarını səsləndirirlər. Bu, təkcə azarkeş performansı deyil, həm də milli kimliyin, tarixi yaddaşın və ortaq ruhun nümayişidir”, – deyə Zaur Əliyev vurğulayıb.
O bildirib ki, tarix boyu vikinqlər Avropa mənbələrində daha çox barbar və vəhşi toplum kimi təqdim olunsalar da, sonrakı elmi araşdırmalar onların yüksək təşkilatlanma qabiliyyətinə, dənizçilik bacarıqlarına və güclü ictimai münasibətlər sisteminə malik olduqlarını ortaya qoyub.
Tarixçinin sözlərinə görə, vikinqlər əsasən seçilmiş qəbilə başçılarının rəhbərliyi altında fəaliyyət göstərən nisbətən kiçik birliklər şəklində yaşayırdılar. O əlavə edib ki, “viking” anlayışının qədim skandinav dillərində dəniz yürüşü və ya basqınla bağlı mənaları var və bu xalq uzun illər Avropa tarixində mühüm rol oynayıb.
Zaur Əliyev qeyd edib ki, vikinq dünyagörüşündə insanın taleyinin əvvəlcədən müəyyənləşdirildiyinə dair inanc döyüşçülərin qorxu hissini aşmasına və böyük cəsarətlə mübarizə aparmasına şərait yaradırdı.
Tarixçi vurğulayıb ki, Skandinaviya cəmiyyətinin əsas dəyərlərindən biri də “Janteloven” prinsipidir. Bu yazılmamış sosial qaydaya görə, heç kim özünü başqalarından üstün hesab etməməlidir. Onun fikrincə, məhz bu düşüncə Norveç cəmiyyətində fərdiyyətçilikdən daha çox kollektiv məsuliyyət və birlik hissini formalaşdırıb.
“Ona görə də Norveç göstərir ki, qalib gəlmək üçün “Mən” deyil, “Biz” anlayışı əsas olmalıdır. Güclü mədəniyyətə malik xalqlarda hər kəs anlayır ki, uğur yalnız ortaq zəhmətin nəticəsidir. Tribunadakı avarçəkmə ritualı da eyni gəmidə olmağın, bərabər məsuliyyət daşımağın və birlikdə hərəkət etməyin rəmzidir”, – deyə tarixçi bildirib.
Zaur Əliyevin sözlərinə görə, Norveç millisinin uğurlarının əsasında yalnız taktiki hazırlıq deyil, əsrlər boyu formalaşmış intizam, bərabərlik prinsipi və kollektiv ruh dayanır. “Onlar keçmişin döyüşçü mentalitetini müasir idmanın etik prinsipləri ilə uğurla birləşdirə biliblər. Bu yanaşma həm idmanda, həm də cəmiyyətin inkişafında öz nəticəsini verir. Məhz buna görə Norveç bu gün dünyanın ən yüksək həyat keyfiyyətinə və xoşbəxtlik göstəricilərinə malik ölkələrindən biri hesab olunur”, – deyə o vurğulayıb.
Tarixçi sonda bildirib ki, milli kimliyə, tarixə və mədəni irsə hörmət edən cəmiyyətlər uzunmüddətli inkişaf və uğur əldə etmək baxımından daha üstün mövqedə olurlar. Onun fikrincə, Azərbaycan da zəngin tarixi və mədəni irsə malik olsa da, bu dəyərlərin qorunması və cəmiyyət tərəfindən daha dərindən mənimsənilməsi komanda ruhunun və ümumi həmrəyliyin formalaşması üçün mühüm əhəmiyyət daşıyır.










