Paşinyandan Türkiyə ilə bağlı cəsarətli addım
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə normallaşma prosesi çərçivəsində işlərin davam etdiyini bildirərək, Ankara ilə təmasları aparacaq yeni xüsusi nümayəndə və dialoqun gələcək formatı ilə bağlı müzakirələrin sürdüyünü açıqlayıb.
ERAmedia xəbər verir ki, Ermənistan ilə Türkiyə arasında normallaşma prosesinin yeni mərhələsinin yol xəritəsi formalaşmağa başlayıb. İrəvan hakimiyyəti Türkiyə ilə aparılan danışıqlarda iştirak edəcək yeni xüsusi nümayəndənin təyin olunması və təmasların hansı formatda davam etdirilməsi ilə bağlı hazırlıqlarını davam etdirir.
Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın parlament sədrliyinə namizəd göstərilməsindən sonra onun yerinə təyin olunacaq xüsusi nümayəndə və danışıqların yeni formatı Paşinyan hökumətinin gündəminə daxil olub.
“Armenpress”in yaydığı məlumata görə, Nikol Paşinyan xüsusi nümayəndə ilə bağlı hələ yekun qərarın verilmədiyini bildirib. Onun sözlərinə görə, Türkiyə ilə aparılan dialoqun hansı çərçivədə və hansı formatda davam etdirilməsi ilə bağlı müzakirələr davam edir.
“Xüsusi nümayəndə ilə bağlı hələ qərar qəbul edilməyib. Türkiyə ilə apardığımız dialoq çərçivəsində necə hərəkət etməli olduğumuzu müəyyənləşdirməliyik. Düzgün qərarlar qəbul etmək üçün işimizi hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizi hazırda öz aramızda müzakirə edirik. Bu məsələ ilə bağlı qiymətləndirmələr davam edir”, – deyə Paşinyan bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli də daha əvvəl verdiyi açıqlamada 2022-ci ildən bəri davam edən Türkiyə-Ermənistan normallaşma prosesində atılan etimad qurucu addımlar barədə məlumat vermişdi.
Keçeli bildirib ki, birbaşa ticarətin həyata keçirilməsi məqsədilə aparılan bürokratik işlər 11 may 2026-cı il tarixinə tamamlanıb. Yeni qaydalara əsasən, Türkiyədən üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla Ermənistandan Türkiyəyə daşınan malların son təyinat və ya çıxış məntəqəsi sənədlərdə “Ermənistan/Türkiyə” kimi göstərilə bilər.
Onun sözlərinə görə, iki ölkə arasında quru sərhədinin açılması istiqamətində texniki və bürokratik hazırlıq işləri də davam etdirilir.
Keçeli vurğulayıb ki, Türkiyə Cənubi Qafqazda davamlı sülhün və rifahın möhkəmləndirilməsinə böyük önəm verir. O qeyd edib ki, bölgədə iqtisadi əlaqələrin inkişafı və əməkdaşlığın bütün region ölkələri və xalqlarının mənafeyi naminə genişləndirilməsi istiqamətində dəstək bundan sonra da davam edəcək.
Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Serdar Kılıç 2021-ci ildə Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi təyin olunub. Ermənistan tərəfi isə Ruben Rubinyanı xüsusi nümayəndə kimi müəyyənləşdirib.
Serdar Kılıç və Ruben Rubinyan 2022-ci ilin yanvarında Moskvada ilk dəfə görüşərək Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam normallaşdırılması məqsədilə danışıqların heç bir ön şərt olmadan davam etdirilməsi barədə razılığa gəliblər.









