media-trump-putin-zelenskyy-gty-jef-250808_1754654752883_hpmain

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuriy Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

ERAmedia xəbər verir ki, Uşakovun sözlərinə görə, ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən danışıq təxminən 1,5 saat davam edib.

O qeyd edib ki, söhbətin əvvəlində Putin Donald Trampı və Amerika xalqını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.

Uşakov bildirib ki, hər iki lider Rusiyanın Amerika dövlətinin formalaşmasına verdiyi tarixi töhfələri xatırladaraq, iki ölkəni birləşdirən ortaq tarixi səhifələrə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb. Danışıq zamanı, həmçinin İkinci Dünya müharibəsindəki müttəfiqlik münasibətləri də yada salınıb.

Kremlin nümayəndəsi qeyd edib ki, bu, cari ildə Putin və Donald Tramp arasında keçirilən dördüncü telefon danışığı olub. Onun sözlərinə görə, görüş işgüzar və olduqca konstruktiv atmosferdə keçib, ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə duran aktual məsələlər açıq şəkildə müzakirə edilib.

Uşakovun sözlərinə görə, liderlər Ukrayna münaqişəsini də müzakirə ediblər. Donald Tramp Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması və böhranın sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bir daha bəyan edib.

O əlavə edib ki, Donald Trampın xüsusi nümayəndəsi Steve Witkoff və kürəkəni Jared Kushner vasitəçilik fəaliyyətini davam etdirəcək və münasib vaxtda Moskvaya səfərə hazırdırlar. Rusiya tərəfi isə münaqişənin diplomatik yolla həllinin tərəfdarı olduğunu bir daha vurğulayıb.

Uşakov bildirib ki, Putin Avropa liderlərinin cəbhədəki vəziyyəti düzgün qiymətləndirmədiyini və münaqişənin uzanmasına şərait yaratdıqlarını deyib. Rusiya Prezidenti həmçinin cəbhədəki real vəziyyət və Rusiya ordusunun irəliləyişi barədə Donald Trampa məlumat verib.

Telefon danışığında İran ətrafındakı vəziyyət də müzakirə olunub. Putin ABŞ və İran arasında əldə olunmuş anlaşma memorandumuna əsaslanan danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini bildirib.

Uşakovun sözlərinə görə, Donald Tramp Rusiyanın balanslı mövqeyinə və konstruktiv təkliflərinə görə təşəkkür edib. Liderlər hərbi, siyasi və iqtisadi sahələr də daxil olmaqla, ikitərəfli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Kreml rəsmisi qeyd edib ki, tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanların mövcud olduğunu bildiriblər. Donald Trampın fikrincə, bu potensialın reallaşması üçün Ukrayna məsələsinin mümkün qədər tez həll olunması vacibdir.

Danışıq zamanı yaxın günlərdə Baykonur Kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya birgə Rusiya–ABŞ ekipajının göndərilməsinin rəmzi əhəmiyyəti də xüsusi qeyd olunub. Uşakov bunu iki böyük dövlətin əməkdaşlıq iradəsinin konkret nümunəsi kimi qiymətləndirib.

Bundan başqa, Donald Tramp Ermitaj Muzeyinə şəxsi rəğbətini ifadə edib. Telefon danışığında futbol mövzusu da müzakirə olunub və Putin ABŞ-yə futbol üzrə dünya çempionatında uğurlar arzulayıb.

Uşakov sonda bildirib ki, liderlər yaxın vaxtlarda yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər. O, Donald Trampın Rusiyaya səfər etməsi üçün dəvətin qüvvədə qaldığını da xatırladıb.


media-adspc

Bənzər xəbərlər