media-1785379658252199361_1200x630

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü özəl təqdimatla yadda qalıb. İyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçirilib. Məşhur balet ulduzlarının iştirakı ilə baş tutan bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edib.

ERAmedia xəbər verir ki, qala-konserti rəsmi şəxslər, mədəniyyət xadimləri, sənətsevərlər və ictimaiyyət nümayəndələri izləyiblər.

Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Maievskyi çıxıb.

Təxminən saatyarım davam edən qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdirilib. Tamaşaçılar Lüdviq Minkusun “Don Kixot”, Sergey Prokofyevin “Romeo və Cülyetta”, Adolf Adanın “Jizel” və digər sevilən baletlərdən parçalar izləyib.

Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunan qala-konsert izləyicilərə unudulmaz sənət bayramı yaşadıb.

Festival yay fəsli ilə yanaşı, artıq iki ildir ki, qış mövsümündə də “Qış nağılı” adı ilə təşkil edilir.


media-adspc

Bənzər xəbərlər