Regionda yeni texnoloji yarış: Ermənistan nə qurur?
Ermənistanda süni intellekt sahəsində böyük hesablama infrastrukturu yaradılır.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, son illərdə Ermənistanın NVIDIA ilə əməkdaşlığı artıq real nəticələr verməyə başlayıb.
Onun sözlərinə görə, avqustun 8-də Ermənistanda “Firebird AI Factory” adlı böyük AI hesablama infrastrukturu təqdim edilib. 2027-ci ilin sonunadək burada 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-nun yerləşdirilməsi, infrastrukturun gücünün isə 300 MVt-a çatdırılması nəzərdə tutulur. Ümumi investisiyanın 4 milyard dollaradək yüksələcəyi gözlənilir.
Osman Gündüz qeyd edib ki, 300 MVt çox böyük rəqəmdir və “Firebird” layihəsinin əsas məqsədi Ermənistanda yeni biznes sahəsi – AI hesablama gücü formalaşdırmaqdır.
“Bunun üçün Ermənistana iki kritik resurs lazımdır: enerji və internet”, – deyə o vurğulayıb.
Azərbaycan İnternet Forumunun rəhbərinin fikrincə, Ermənistanın bu istiqamətdə üstünlüklərindən biri nüvə enerjisidir. Metsamor AES-in fəaliyyət müddətinin uzadılması, paralel olaraq kiçik modul nüvə reaktorlarının alınması ilə bağlı addımların da məhz bu strategiyanın tərkib hissəsi olduğu bildirilir. Ermənistanın ABŞ-la bu istiqamətdə müqavilə imzalaması da diqqət çəkən məqamlardan biridir.
Osman Gündüz hesab edir ki, Ermənistanda mərhələli şəkildə yeni iqtisadi model formalaşdırılır:
Nüvə enerjisi → 24/7 elektrik enerjisi → NVIDIA GPU-ları → hesablama gücü → AI məhsulları → ixrac.
O bildirib ki, bu modelin ikinci kritik elementi internet infrastrukturudur. Ermənistan üçün keyfiyyətli və alternativ beynəlxalq internet bağlantılarının uzun müddət problem olaraq qaldığını qeyd edən ekspert “Firebird” üçün 1 Tbit/s-ə qədər magistral bağlantının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, iyun ayında Telecom Armenia ilə AzerTelecom arasında müqavilə imzalanıb və Ermənistanın beynəlxalq internet trafikinin bir hissəsinin Azərbaycan infrastrukturu üzərindən təmin edilməsi nəzərdə tutulur.
“Bu bağlantının birbaşa Firebird üçün olduğu açıqlanmayıb. Amma Azərbaycan gələcəkdə bu AI infrastrukturunun tranzit internet marşrutlarından birinə çevrilə bilər”, – Osman Gündüz deyib.
O hesab edir ki, Azərbaycan üçün əsas məsələ Ermənistanın 30-40 GPU ilə müqayisədə 70 min GPU yerləşdirməsi deyil.
“Əsas məsələ həmin 70 min GPU üzərində Ermənistanın yeni biznes sahəsi və yeni iqtisadi model qurmasıdır”, – deyə Osman Gündüz vurğulayıb.
Onun fikrincə, bu infrastruktur ətrafında AI startaplarının, qlobal şirkətlərin, universitetlərin, mühəndislərin və vençur kapitalının cəmləşməsi mümkündür. Layihənin uğurlu olması halında növbəti 10-20 ildə əsas gəlirin birbaşa “Firebird”dən deyil, onun ətrafında yaranacaq AI iqtisadiyyatından əldə edilə biləcəyini bildirən ekspert bu sektorun Ermənistanın ixracının və dövlət büdcəsinin əsas dayaqlarından birinə çevrilə biləcəyini qeyd edib.
Osman Gündüz hesab edir ki, hətta qarşıdakı 10 il üçün Ermənistan büdcəsinin əhəmiyyətli hissəsinin İT və süni intellekt sektorundan formalaşması kimi ssenarini də nəzərdən keçirmək olar.
“Bizim enerji, yaşıl enerji, fiber-optik tranzit və maliyyə imkanlarımız daha böyükdür. Xəzər üzərindən reallaşmaqda olan, AzerTelecom-a məxsus Mərkəzi Asiya–Azərbaycan–Avropa rəqəmsal dəhlizi də ciddi üstünlükdür. İki kiçik superkompüter infrastrukturu da yaradılıb”, – deyə o bildirib.
Azərbaycan İnternet Forumunun rəhbəri son dövrdə hökumətin rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə diqqətinin artmasını da müsbət qiymətləndirib. Onun sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının yaradılması, sektorda dinamikanın artması və yeni konseptual sənədlərin hazırlanması müsbət siqnallardır.
O xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev də ölkədə data mərkəzləri infrastrukturunun formalaşdırılmasının prioritetliyi məsələsinə diqqət yönəldib.
“Ermənistanda, Qazaxıstanda və regionda baş verənlər göstərir ki, miqyas və biznes modeli baxımından, cəmiyyətin böyük hədəflərə fokuslanması baxımından biz ləngiyirik”, – Osman Gündüz qeyd edib.
Ekspert qonşu ölkələrdə həyata keçirilən layihələrə və həmin ölkələrin mediasında aparılan müzakirələrə diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun fikrincə, regionda artıq daha böyük hədəflər müzakirə olunur, Azərbaycanda isə cəmiyyət bəzən mənasız və faydasız müzakirələrə həddindən artıq vaxt sərf edir.
“Qlobal və regional rəqabətə davamlılıqla bağlı ciddi proseslərin baş verdiyi bir zamanda daha böyük hədəflərə fokuslanmaq doğru olardı”, – deyə Osman Gündüz bildirib.
O hesab edir ki, Azərbaycan üçün 2030-2035-ci illəri əhatə edən konkret AI hesablama gücü hədəfi müəyyən edilməli, bu sahəyə böyük yatırımlar cəlb olunmalı və qlobal AI və data-center şirkətlərinin ölkəyə gətirilməsi istiqamətində daha sistemli siyasət aparılmalıdır.
Osman Gündüzün sözlərinə görə, Azərbaycanın əsas resurslarından biri olan enerjinin yalnız xammal kimi ixrac edilməsi əvəzinə, onun daha yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsi daha səmərəli ola bilər.
“Enerjini hesablama gücünə, AI məhsullarına və xidmətlərə çevirərək qlobal bazara çıxarmaq Azərbaycan üçün daha faydalı model ola bilər”, – deyə o əlavə edib.
Vüsalə









