media-rusiya_3_1727679293-full-768x403

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son telefon danışığı Moskvanın İrəvana göndərdiyi növbəti ciddi siyasi mesaj kimi qiymətləndirilir.

Siyasi şərhçi Mürtəza Bünyadlı ERAmedia-ya açıqlamasında bildirib ki, bu danışıq adi diplomatik təmas deyil, Kremlin Ermənistanın xarici siyasət kursuna yönəlmiş sərt xəbərdarlığıdır.

Onun sözlərinə görə, telefon danışığında əsas diqqət iqtisadi əməkdaşlıqdan daha çox Ermənistanın geosiyasi istiqamətinə yönəlib.

“Artıq Kreml gizlətmir ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdlərini öz geosiyasi maraqlarına birbaşa təhdid hesab edir. Məhz buna görə də Vladimir Putin Paşinyana Avrasiya İqtisadi Birliyi ilə bağlı referendumun tez bir zamanda keçirilməsinin vacibliyini xatırladıb. Bu, sadəcə tövsiyə deyil, ciddi siyasi xəbərdarlıqdır”, – deyə şərhçi vurğulayıb.

M.Bünyadlının fikrincə, Moskvanın mesajı kifayət qədər aydındır: “Ya bizimlə qalacaqsan, ya da bunun ağır siyasi və iqtisadi nəticələrinə hazır olacaqsan.”

Şərhçi qeyd edib ki, Kremlin yaydığı məlumatda Avrasiya İqtisadi Birliyinə xüsusi yer ayrılması, Ermənistan tərəfinin açıqlamasında isə Rusiya bazarına çıxışı məhdudlaşdırılan erməni məhsullarının ön plana çəkilməsi təsadüfi deyil.

“Bu, göstərir ki, Kreml artıq diplomatik təzyiq ritorikasını iqtisadi təzyiq mexanizmi ilə tamamlayır. Ermənistan məhsullarının Rusiya bazarında qarşılaşdığı maneələr siyasi təsir vasitəsinə çevrilib və bu proses hələ başlanğıc mərhələsindədir”, – deyə o bildirib.

Mürtəza Bünyadlının sözlərinə görə, Ermənistan hazırda mürəkkəb geosiyasi vəziyyətlə üz-üzədir.

“İllər boyu Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi-siyasi forpostu olan Ermənistan indi Qərbin regiondakı layihələrinin ön xəttinə çevrilməyə çalışır. Lakin burada əsas sual yaranır: dəyişən həqiqətən Ermənistanın siyasətidir, yoxsa sadəcə himayədarı? Əslində mahiyyət dəyişmir. Dünən Kremlin forpostu olan İrəvan bu gün Brüsselin və digər xarici güclərin geosiyasi alətinə çevrilmək riski daşıyır. Bu isə müstəqil dövlət strategiyası deyil, daim hansısa güc mərkəzinin orbitində hərəkət etmək vərdişidir”, – deyə o qeyd edib.

Siyasi şərhçi hesab edir ki, Ermənistanın əsas problemi milli maraqlara söykənən müstəqil siyasət yürüdə bilməməsidir.

“Ölkə böyük güclər arasında seçim etməyə çalışdığı üçün nəticədə heç bir tərəfin tam etimadını qazana bilmir. Rusiya artıq onu etibarlı müttəfiq hesab etmir. Qərb isə nə ona tam təhlükəsizlik təminatı verir, nə də bu istiqamətdə vahid mövqe nümayiş etdirir. Fransa, Böyük Britaniya, Almaniya və ABŞ arasında Ermənistan məsələsinə yanaşmalarda fərqlər mövcuddur. Nəticədə İrəvan sözün həqiqi mənasında iki stul arasında qalıb”, – deyə M.Bünyadlı bildirib.

O əlavə edib ki, yaxın dövrdə Putinin bu sərt mesajına ABŞ və Avropa ölkələrinin necə reaksiya verəcəyi də diqqətlə izləniləcək.

“Ermənistanın bu gün üzləşdiyi problemlər təsadüfi deyil. Rusiya bazarında məhdudiyyətlər, Avrasiya İqtisadi Birliyi daxilində artan təzyiqlər və siyasi etimad böhranı uzun illər aparılan ziddiyyətli xarici siyasətin nəticəsidir. Moskva yaxşı anlayır ki, Ermənistanın onun geosiyasi orbitindən çıxması Cənubi Qafqazda Rusiyanın mövqelərinə ciddi zərbə vuracaq. Buna görə də Kreml bu prosesi mümkün qədər ləngitməyə çalışır”, – deyə o vurğulayıb.

Şərhçinin fikrincə, ən təhlükəli məqam Ermənistanın yürüdüyü siyasətin bütövlükdə region üçün risklər yaratmasıdır.

“İrəvan böyük güclər arasında balans yaratmağa çalışdıqca, Cənubi Qafqaz yenidən geosiyasi qarşıdurma məkanına çevrilir. Halbuki regionun ehtiyacı yeni bloklara deyil, əməkdaşlıq platformalarına malik olmaqdır. Putin-Paşinyan telefon danışığı göstərdi ki, Moskva ilə İrəvan arasındakı münasibətlər artıq taktiki fikir ayrılıqları mərhələsini keçib. Bu gün söhbət Ermənistanın gələcək geosiyasi kimliyindən gedir. Kremlin mesajı sərtdir, Paşinyanın manevr imkanları isə getdikcə daralır. Əgər Ermənistan yenə də böyük güclərin geosiyasi oyununda alət rolunu seçərsə, bunun bədəlini ilk növbədə özü ödəyəcək. Çünki XXI əsrdə regionların gələcəyini forpostlar deyil, əməkdaşlıq platformaları müəyyən edir. Cənubi Qafqazın sabitliyi də məhz bu seçimdən asılı olacaq”, – deyə Mürtəza Bünyadlı fikrini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər