media-benzin-aa-2352896

Rusiyada benzin qıtlığı və yanacaq bazarında yaranmış vəziyyətlə bağlı yeni qiymətləndirmələr səsləndirilib.

ERAmedia xəbər verir ki, jurnalist Arzu Qazıyeva bildirib ki, Rusiyada baş verən benzin böhranı vaxtilə çar Rusiyasında inqilab ərəfəsində yaşanan çörək qıtlığını xatırladır.

Onun sözlərinə görə, həmin dövrdə “Bu gün çörək olacaq? – Yox. Bəs sabah? – Sabah da yox” sualı cəmiyyətdə ümidsizliyin rəmzinə çevrilmişdi. Qazıyeva hesab edir ki, çörək qıtlığı o vaxt Rusiyaya ağır və baha başa gəldiyi kimi, indi də benzin böhranı ölkə üçün ciddi nəticələr doğura bilər.

Jurnalist qeyd edib ki, benzin çatışmazlığı ilk növbədə nəqliyyatın dayanmasına səbəb olur, ardınca isə ərzaq təminatında problemlər yaranır. Onun fikrincə, tarix göstərir ki, bu cür sosial-iqtisadi böhranlar zamanla əhalinin narazılığını artırır və etirazlara zəmin yaradır.

Arzu Qazıyevanın sözlərinə görə, Rusiya hökuməti vəziyyəti sabitləşdirmək üçün strateji yanacaq ehtiyatlarından istifadə etməyə məcbur qalıb. Lakin o hesab edir ki, bu addım problemi kökündən həll etmir və ölkə benzin idxalını tarixi maksimum səviyyəyə çatdırmağa məcbur olub.

Qazıyeva bildirib ki, Belarus Prezidenti Lukaşenkonun Çinə səfərinin də neft idxalı ilə əlaqəli olduğu barədə məlumatlar var.

Jurnalistin iddiasına görə, Hindistan da mövcud vəziyyətdən faydalanır. O bildirib ki, Rusiya xam nefti son illərin ən aşağı qiymətlərindən biri ilə Hindistana satır, Hindistan isə həmin nefti emal etdikdən sonra yenidən Rusiyaya ixrac edir. Qazıyeva bunu Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrlə əlaqələndirib və bildirib ki, bu hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində yerləşən müəssisələrin fəaliyyəti ciddi şəkildə məhdudlaşıb.

O, həmçinin qeyd edib ki, Qazaxıstanda Rusiyaya benzin keçirməyə çalışan qaçaqmalçılar saxlanılıb. Onun sözlərinə görə, son iki gün ərzində 61 qanunsuz cəhdin qarşısı alınıb və 3 min tondan artıq yanacaq geri qaytarılıb. Bundan başqa, Astananın Rusiyaya humanitar yardım kimi 50 min ton benzin verməkdən imtina etdiyi də vurğulanıb.

Qazıyeva əlavə edib ki, Belarus təkcə iyun ayında Rusiyaya 141 min ton benzin tədarük edib ki, bu da may ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.

Jurnalistin fikrincə, Moskva benzin böhranını yumşaltmaq üçün Hindistan, Belarus və digər ölkələrdən hər ay təxminən 400 min ton benzin idxal etməyə məcburdur. O hesab edir ki, bu vəziyyət artıq böhranın dərin mərhələyə keçdiyini göstərir.

Sonda Arzu Qazıyeva bildirib ki, vaxtilə Putinin siyasi yanaşmasına təsir göstərdiyi deyilən “birinci vur” prinsipi bu dəfə onun özü üçün gözlənilməz nəticələr yaradıb və Rusiya hazırda gözləmədiyi vaxtda, gözləmədiyi şəraitdə ciddi problemlərlə üzləşib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər