media-image-001-chess-1024x683

2017-ci ildə şahmat dünyasında əsl texnoloji dönüş yaşanıb.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Google DeepMind şirkətinin hazırladığı AlphaZero proqramının dünyanın ən güclü şahmat mühərriklərindən hesab edilən Stockfish üzərində qazandığı qələbə süni intellektin inkişafında yeni mərhələnin başlanğıcı oldu.

Ekspertin sözlərinə görə, AlphaZero Stockfish ilə keçirdiyi ilk qarşılaşmada məğlub olmadan 28 qələbə qazanıb, 72 oyunu isə heç-heçə başa vurub. Bir il sonra keçirilən 1000 oyunluq yeni qarşılaşmada isə AlphaZero 156 qələbə əldə edib, cəmi 6 dəfə məğlub olub, qalan oyunlar heç-heçə ilə nəticələnib.

Etibar Əliyev qeyd edib ki, bu nəticələr sıradan bir proqramın digərini məğlub etməsi deyil, süni intellektin öyrənmə imkanlarının nümayişidir. Onun sözlərinə görə, əvvəlki şahmat proqramları insanların topladığı biliklər, hazır strategiyalar və əvvəlcədən proqramlaşdırılmış kombinasiyalar əsasında fəaliyyət göstərirdi. Onların əsas üstünlüyü çoxsaylı gediş variantlarını sürətlə hesablamaq idi.

Ekspert vurğulayıb ki, AlphaZero tamamilə fərqli prinsip əsasında yaradılıb. Proqrama yalnız şahmatın qaydaları təqdim olunub və əsas məqsəd kimi maksimum qələbəyə aparan strategiyanı müstəqil şəkildə formalaşdırmaq tapşırılıb. Süni intellekt heç bir insan oyunu və ya hazır taktika öyrənmədən, milyonlarla oyunu özü ilə oynayaraq optimal qərarlar qəbul etməyi öyrənib.

Onun fikrincə, AlphaZeronun ən diqqətçəkən xüsusiyyətlərindən biri qeyri-adi oyun üslubudur. O bildirib ki, insanların əksəriyyəti vəzir də daxil olmaqla qiymətli fiqurların qorunmasını əsas prinsip hesab etdiyi halda, AlphaZero zəruri hesab etdikdə onları çəkinmədən qurban verir. Sonradan məlum olur ki, məhz bu cəsarətli qərarlar proqramı böyük ehtimalla qələbəyə aparır.

Ekspert əlavə edib ki, indiyədək heç bir şahmatçı AlphaZero üzərində qələbə qazana bilməyib. Onun sözlərinə görə, proqramın nümayiş etdirdiyi oyun tərzi şahmat mütəxəssislərini də heyrətləndirib və bir çox qrossmeyster bu yanaşmanı “fərqli ölçüdə şahmat” kimi xarakterizə edib.

Etibar Əliyev hesab edir ki, AlphaZero təkcə güclü şahmat proqramı deyil, həm də süni intellektin insan təcrübəsindən kənarda yeni biliklər yarada bildiyini göstərən ən uğurlu nümunələrdən biridir. Onun fikrincə, bu layihə sübut etdi ki, süni intellekt öyrənməyə sərf etdiyi vaxtı səmərəli istifadə etməklə oyunun sərhədlərini genişləndirə və insan təfəkkürünün hələ tam kəşf etmədiyi yeni strategiyalar formalaşdıra bilir.


media-adspc

Bənzər xəbərlər