media-5b43731217fc6247b9d3d53d46693b19

Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədov Birinci Qarabağ müharibəsində göstərdiyi misilsiz şücaətlə xalqımızın yaddaşında silinməz iz qoyub.

ERAmedia xəbər verir ki, ali təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə yollanan Seymur Məmmədov döyüş yoldaşının “Sən oxu, gələcəyin var” sözlərinə “Mənim gələcəyim torpağımdadır” cavabını verməklə Vətən sevgisini hər şeydən üstün tutduğunu nümayiş etdirmişdi.

Döyüşlər zamanı böyük cəsarət göstərən Milli Qəhrəman xüsusilə Məlikcanlı kəndi istiqamətində aparılan əməliyyatlarda fərqlənmişdi. Məlumata görə, o, düşmənin hər birində təxminən 10 nəfərin olduğu 15 döyüş postunu sıradan çıxarmış, eyni zamanda bir neçə piyadanın döyüş maşınını məhv etmişdi.

Həmin dövrdə döyüşdüyü mövqedə ağır texnika olmadığından Seymur Məmmədovun qumbaraatanla həyata keçirdiyi atəşlər müdafiənin əsas güclərindən biri hesab olunurdu. Onun dəqiq zərbələri düşmənə ciddi itkilər verdirirdi.

Döyüş epizodlarından biri də əsir götürülmüş rus zabiti ilə bağlı olub. Bildirilir ki, Seymur Məmmədov zabitin tapançasını götürərək patronlarını çıxarıb silahı yenidən ona qaytarıb və “Komandir komandirin silahını almaz” sözlərini deyib.

Mənbələrdə qeyd olunur ki, düşmən qüvvələrinin toplandığı kilsə binası da onun həyata keçirdiyi əməliyyat nəticəsində vurularaq sıradan çıxarılmışdı.

Milli Qəhrəmanın həyatında diqqət çəkən məqamlardan biri də məzuniyyət zamanı yaşanıb. Anası onun cəbhəyə qayıtmaması üçün çəkmələrini gizlətsə də, Seymur Məmmədov “Qaloş geyinib gedəcəyəm” deyərək yenidən döyüş bölgəsinə yollanmaq qərarından dönməyib.

Döyüş yoldaşlarının xatirələrinə görə, son döyüşündən əvvəl “Bu gün şəhid olacağam” deyən Seymur Məmmədov düşmən mövqelərinə 40-a yaxın mərmi ataraq müqavimət göstərib. Daha sonra düşmən snayperinin atəşi nəticəsində şəhid olub.

Seymur Məmmədovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq Azərbaycan hərb tarixində igidlik nümunələrindən biri kimi xatırlanır və onun əziz xatirəsi daim ehtiramla anılır.


media-adspc

Bənzər xəbərlər