Şəhidin həyat yoldaşı: Şagirdləri Vüqar kimi vətənpərvər yetişdirməyə çalışıram
Mən həmişə düşünürdüm ki, Vüqarın zabit çantasında yalnız hərbi sənədlər ola bilər. Şəhadətindən sonra onun ən özəl əşyalarını tapdım: mənə yazdığı ilk məktublar, şeirlər, şəkillərim. Onlar mənə çox böyük təsəllidir, eyni zamanda, güclü zabitin necə bir ürək daşıdığının sübutudur. Dəftərçəsində apardığı qeydlər arasında məni ən çox riqqətə gətirən bir cümlə var: “Ülkər əsl mən deyən qızdır, əsl mənim axtardığımdır”. Əslində bilirdim ki, Vüqar mənim ruh əkizimdir, qismətimdir, taleyimdir. Onu dəftərçəsinə öz əlləri ilə yazması, mənim bundan xəbərsizliyim, şəhadətdən sonra bunları bilməyim mənə qeyri-adi təsir etdi. Bunları bildikdən sonra mənə yaşamaq dözülməz oldu.Zaman keçdikcə başa düşdüm ki, həmin vətənpərvər, işinin peşəkarı olan zabit həqiqətən ideal insan imiş. O, hansı sahədə olsaydı, bu cür məsuliyyətlə fəaliyyət göstərərdi. Lakin zənnimcə, Vüqar Vətənə xidmətdən başqa yol seçə bilməzdi.
ERAmedia xəbər verir ki, bunu AZƏRTAC – a müsahibəsində Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları zamanı şəhid olan zabiti, mayor Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı deyib.
O, söhbətinə belə davam edib: “Biz Vüqarla bir məktəbdə oxumuşuq. O, çox sakit idi. Heç vaxt gözləməzdim ki, bu cür sakit, özünəqapalı oğlanın içində zəngin bir mənəviyyat var. Vüqar Heydər Əliyev adına Hərbi İnstitutun birinci kursunda idi, mən də ali məktəbə qəbul olunmuşdum. Onda artıq münasibətlər başlamışdı. Həmin cümləni də məhz o zamanlar yazmışdı: “Ülkər əsl mən istəyən qızdır”. Vüqarla söhbət etdikcə, gələcək həyatımızı birləşdirməklə bağlı qərarlara doğru getdikcə anlayırdım ki, gözlədiyim adam elə o imiş. Düz 19 il birlikdə yaşadıq”.
Ülkər Vüqarlının sözlərinə görə, Vüqar hər zaman şüuraltı onu gələcəyə hazırlayıb. “Bəzən işi çətin olanda, ağır keçəndə, evə aylarla gəlməyəndə, illərlə dağlarda xidmət edəndə…. Mən bunları çox sonralar başa düşdüm. Çətin anlarda, bir-birimizə dayaq olanda həmişə deyərdi ki, mən bunu könüllü seçmişəm, kimsə məni zorla hərbiyə gətirməyib. Mən bu yolu seçmişəmsə, ən şərəfli halda özümü göstərməliyəm. O, buna nail oldu: xidmətini ən uca zirvədə tamamladı. Həmişə deyərdi ki, bax, bu işin bir ucu ölümdür, Ülkər. Mən inanmazdım, zarafata salardım. Deyərdim ki, sən güclüsən, işinin peşəkarısan. Mümkün deyil ki, bu qədər məsuliyyəti olan Vüqar Heydərov dünya yolçuluğunu erkən bitirsin. O isə hər zaman hər şeyə hazır olmağımı tapşırırdı. “Ülkər, bir gün bu olacaq, sən mənim xəbərimi eşidəndə həmin ankı reaksiya bizim sonrakı taleyimizi müəyyən edəcək”, – deyirdi. Onun şəhadət xəbərini eşidəndə içimdə qəribə bir sükut yarandı, həyatımız film kimi gözlərimin önündən keçdi. O an mənim yadıma Vüqarın sözləri düşdü, içimdə hər şeyi boğdum. Dedim ki, mənim fəryad etməyə vaxtım çox olacaq, indi ona layiq davranmalıyam. Bunun öhdəsindən çətin də olsa gəldim. Anamız belə mənim sakitliyimə təəccüblənmişdi. O təkcə əsgər yetişdirməmişdi, övladlarımızı da, məni də əbədi ayrılığa hazırlamışdı…”, – deyə o qeyd edib.
Şəhidin həyat yoldaşı söhbətə belə davam edib:”Vüqar Naxçıvanda xidmət edirdi. 2016-cı il Aprel döyüşlərində ruh yüksəkliyi ilə döyüşəcəyi günü gözləyirdi. O zamanlar çox gənc idim, uşaqlar da kiçik idi. Dörd gün ərzində 40 il qocaldım… Vüqar hər an döyüşə yollana bilərdi. İlk dəfə hərb sənətinin çətinliyini, ölümün yaxınımızda olduğunu məhz Aprel döyüşlərində anladım. Vətən müharibəsi dövründə isə mərkəzi qərargahda əməliyyat bölməsinin rəisi idi. Evə həftədə bir dəfə gəlirdi. Onda da gecələri yata, səhərə qədər evdə qərar tuta bilmirdi. Vüqar 44 gün ərzində qocaldı. Silahdaşları, kursant yoldaşları şəhid olduqca saçlarına dən düşməyə başladı. O həm də vicdan əzabı çəkirdi ki, niyə döyüşdə deyil, təyinatını döyüş bölgəsinə verməyiblər? 2023-cü il antiterror əməliyyatları zamanı da ön xətdə idi, ermənilərlə aralarında 300-400 metr məsafə var idi. Yadımdadır, həmin ilin sentyabrında erməni təxribatları davam edirdi. Vüqarı təyinatla ön xəttə göndərdilər. Bəzən biz telefonla danışanda belə atışma başlayanda sakitcə sağollaşıb gedirdi. Ürəyim partlaya-partlaya qalırdı ki, görəsən necədir, haradadır? Bir müddət sonra yazırdı ki, narahat olma, sakitlikdir, atışma dayanıb, sakit ol, hər şey qaydasındadır. Hətta bir dəfə görüntülü danışanda onun olduğu yerə güllənin dəydiyini gördüm. Vüqarın tükü belə tərpənmirdi, sanki belə də olmalı idi. Onun soyuqqanlılığına, zabit iradəsinə, idarəetməsinə heyran olurdum”.
Ülkər Vüqarlı deyib ki, həyat yoldaşı ilə son görüşü sentyabrın 10-da olub: “Həmin vaxt sanki hər şey ürəyinə danmışdı, bizi Naxçıvandan Xırdalana köçürdü, uşaqları məktəbə yerləşdirdi, yaşayışımız üçün hər cür təminatı hazırladı və getdi. Son cümləsi bu oldu ki, həyatımda ilk dəfə məzuniyyətimi bu qədər dolu-dolu yaşadım, heç bir arzum ürəyimdə qalmadı…
Biz Naxçıvanda hərbi şəhərcikdə qalırdıq. Sentyabrın 7-də qalan əşyaları gətirmək üçün Naxçıvana getdim. Hava limanında görüşdük, gedib evi yığışdırdıq. Üç gün ərzində hər şeyi qaydaya saldıq. Sentyabrın 10-da məni Bakıya yola salanda çox qəribə bir hal yaşandı. Biz bu illər ərzində dəfələrlə ayrılmışdıq. Bu dəfə isə sanki hər şey başqa cür idi. Bu, o ayrılıqlardan deyildi. Mən ondan ayrılıb, hava limanının minik zalına qalxdım. Əşyaları təyyarənin yük yerinə verdikdən sonra uçuş haqqında elanı gözləyirdim. Düşündüm ki, Vüqar artıq gedib. Elə həmin an zəng edərək, hava limanının pəncərəsinə yaxınlaşmağımı istədi. Telefon qulağında aşağıdan yuxarıya o qədər qəmgin baxırdı ki… Səsi titrədi, qırıldı, susdu, ikimiz də danışmadan yalnız bir-birimizə baxırdıq, xeyli belə qaldıq, sonra da sağollaşdıq. Təyyarəyə necə mindiyimi, Bakıya necə gəldiyimi xatırlamıram. Həmin hadisədən 10 gün sonra şəhid oldu. Həmin dövrlərdə dəfələrlə görüntülü danışsaq da, hava limanındakı o siması gözlərimin qarşısından getmir…”.
Şəhidin həyat yoldaşı vurğulayıb ki, sentyabrın 10-dan sonra yuxularını qarışdırmağa başlayıb, özünü yaxşı hiss etməyib. Səhəri ağır, təsirli yuxularla açıb. “Yuxudan oyanan kimi danışırdıq, deyirdi ki, boş şeylərdir, amma sənin bu yuxuların bizi birtəhər edəcək. Düşünürdüm ki, Vüqar uzaqdadır, darıxıram deyə belədir, sən demə, məni qarşıda çox acı xəbər gözləyirmiş. Sentyabrın 19-da antiterror əməliyyatları başlayanda zəng vurdu ki, hər şey qaydasındadır, heç kəs məndən narahat olmasın. Həmin gün iki dəfə danışdıq, məni arxayın etdi ki, hər şey yolundadır. Axşam anasının telefonuna görüntülü yığdı, hamımızla danışdı. Gecə bir dəfə də fürsət tapıb, böyük oğlumuz Yusifə yığıb. Sebtyabrın 20-si saat 9 radələrində tezdən bir də danışdıq. Dedi ki, vəziyyət bir az gərgindir, postlarda olacağam, ona görə də axşam 6-ya kimi mənə zəng çatmaya bilər. Həmin vaxt ona 11 postun tabor komandirliyini icra etmək tapşırılmışdı. Postlararası yolları isə uçurumlardan ibarət idi. Saat 11-ə işləmiş iki postu yoxlayıb, o birinə gedəndə onun olduğu maşın uçurumdan aşıb. Hadisə 10:20-də baş verib. Mən bunu hiss etdim. Həmin dəqiqələrdə halım çox pis idi. Telefonun ekranına baxanda “20 sentyabr 2023” yazısını gördüm, sonra isə gözlərim qaraldı. Sonralar bildim ki, hadisənin baş verdiyi an 10:20 olub. Vüqar təcili yardım maşınına yerləşdiriləndə sağ imiş, hətta danışırmış. Mən heç vaxt inanmazdım ki, Vüqar şəhid ola bilər…”, – deyə o vurğulayıb.
Ülkər Vüqarlının sözlərinə görə, Vüqarın şəhadətindən yaxınları ilə yanaşı, əsgərləri və döyüş yoldaşları da çox təsirləniblər. “Əsgərlərinə böyük qardaş, silahdaşlarına dost-sirdaş idi. Tək bizim yox, ətrafında olan hər kəsin, xidmət etdiyi hərbi hissədə hərbi qulluqçuların, Vətənin keşiyini çəkən əsgər və zabitlərin də qayğısına qalır, onlardan diqqətini əskik etmirdi. Ona görə də Vüqarın yoxluğu hər kəs üçün həqiqətən də böyük və əvəzolunmaz itkidir…”.
Hazırda Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseydə Azərbaycan dili-ədəbiyyat müəllimi olduğunu söyləyən şəhidin həyat yoldaşı bildirib ki, şagirdləri Vüqar kimi vətənpərvər, torpağa bağlı, vəzifə borcuna sadiq və işinin peşəkarı olan vətəndaş kimi yetişdirməyə çalışır.
Şəhidin övladları Yusif və Mehdi isə onun əsl vətənpərvər, güclü, cəsarətli zabit, dürüst, sözündən dönməyən, açıqsözlü insan, mehriban və qayğıkeş ata olduğunu deyiblər. Şəhidin hər iki yadigarı onlara özündən sonra yalnız xoş xatirələr qoyan atalarına layiq olmağa çalışdıqlarını, onun adını daim uca tutacaqlarını bildiriblər.