media-17852631123171210193_1200x630

İşğaldan azad edilmiş ərazilərdə qadın sahibkarlığının inkişafı istiqamətində daha bir mühüm addım atılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan ilk qadın kooperativi – “Çiçək” İstehsal-İstehlak Qadın Kooperativi Zəngilan rayonunun Ağalı kəndində keçirilən təqdimat mərasimi ilə fəaliyyətə başlayıb.

ERAmedia xəbər verir ki, tədbir Azərbaycan Kənd Qadınları Assosiasiyasının həyata keçirdiyi “Aqrosahibkar qadınlarla iş” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, kənd təsərrüfatı mütəxəssisləri, Beyləqan və Füzuli rayonlarında fəaliyyət göstərən Qadın Qruplarının nümayəndələri, sahibkarlar və Ağalı kəndinin sakinləri iştirak ediblər.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə qadın kooperativlərinin yaradılması yalnız yeni biznes subyektinin formalaşdırılması deyil, eyni zamanda, bölgənin sosial-iqtisadi dirçəlişinə və qadınların iqtisadi fəallığının artırılmasına xidmət edən strateji təşəbbüsdür: “Biz qadınlara hazır vəsait deyil, dayanıqlı inkişaf imkanı təqdim edirik. Kooperativ modeli qadınların bilik və bacarıqlarını birləşdirərək onların bazara çıxışını gücləndirir, ailə gəlirlərini artırır və kənd icmalarında yeni iqtisadi münasibətlər formalaşdırır. Ağalıda yaradılan bu kooperativ Şərqi Zəngəzur üçün yeni inkişaf modelinin başlanğıcıdır”.

Bildirilib ki, “Çiçək” İstehsal-İstehlak Qadın Kooperativi Ağalı kəndində yaşayan 5 gənc qadının təsisçilik təşəbbüsü ilə yaradılıb və hazırda 25 qadını öz ətrafında birləşdirir. Kooperativin fəaliyyət istiqamətlərinə meyvə və tərəvəz məhsullarının emalı, meyvələrin qurudulması, ev şəraitində qənnadı məhsullarının hazırlanması, kənd turizmi xidmətləri, ev yeməklərinin hazırlanması, cücələrin yetişdirilməsi və bağ məhsullarının istehsalı daxildir.

Kooperativin sədri Çiçək Gəraylı bildirib ki, məqsəd yalnız məhsul istehsal etmək deyil, Ağalı brendini formalaşdırmaq, yerli məhsulları yeni bazarlara çıxarmaq və qadınların iqtisadi müstəqilliyini gücləndirməkdir.

Tədbirin iştirakçıları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Ticarət və Təchizat ASC tərəfindən icra olunan “Aqrar Fəaliyyətli Azərbaycan Qadını” – AFAQ Layihəsinin təqdimatı ilə də tanış olublar. Təqdimat AFAQ Layihəsinin Koordinatoru Əli Orucov tərəfindən həyata keçirilib. Təqdimatçı bildirib ki, layihənin genişləndirilərək Şərqi Zəngəzuru da əhatə etməsi nəzərdə tutulur.

Şərqi Zəngəzurda ilk qadın kooperativinin yaradılması dövlətin işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı məskunlaşmanın təşviqi və qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə vətəndaş cəmiyyətinin verdiyi mühüm töhfələrdən biri kimi qiymətləndirilir. Azərbaycan Kənd Qadınları Assosiasiyası bu təşəbbüsü gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məntəqələrində də davam etdirməyi, qadın kooperativlərinin regional şəbəkəsini formalaşdırmağı hədəfləyir.


media-adspc

Bənzər xəbərlər