media-rusiya_3_1727679293-full-768x403

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından sonra ölkədəki şovinistlər üçün “Pandoranın qutusu” açılıb.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, ilk növbədə məhz rusiyalı rəsmilər diplomatik dili kənara qoyaraq müxtəlif ölkələri və onların liderlərini aşağılamağa başlayıblar.

Onun sözlərinə görə, daha sonra bu ritorika Rusiyanın televiziya kanallarına da keçib və Kremlə yaxın jurnalistlərlə ekspertlər müxtəlif dövlətlərə və onların rəhbərlərinə qarşı getdikcə daha təhqiramiz ifadələr işlətməyə başlayıblar.

“Rusiyada rəsmilərin və televiziya ekranlarında izlənilən şəxslərin başqalarının ünvanına işlətdiyi təhqirlərdən ‘ilham’ alan adi vətəndaşlar da ‘gəlmələri qovmaq lazımdır’ kimi çağırışlara üstünlük verirlər”, – deyə Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, məsələ artıq yalnız Rusiyanın xarici siyasət ritorikası ilə məhdudlaşmır: “İş o yerə çatıb ki, Rusiyada hansısa şovinist kişi və ya qadın qarşısına çıxan və özünə oxşamayan, Rusiya vətəndaşı olan tatarı, başqırdı, çuvaşı və digər xalqların nümayəndələrini belə təhqir edir”.

Elxan Şahinoğlunun fikrincə, rəsmilər və dövlət mediası tərəfindən formalaşdırılan aqressiv və təhqiramiz dil cəmiyyətdə də münasibətlərin xarakterinə təsir göstərir.

“Rusiyanın qonşularına, hətta tərəfdaş adlandırdığı dövlətlərə qarşı bu ‘dildən’ istifadə etməsi davam etdikcə, həmin ölkə ilə normal münasibətlər qurmaq mümkün olmayacaq”, – deyə siyasi şərhçi bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər