media-45a9e8d6-39bc-4603-a18f-862880eb95c6
Son illər iş mühitlərində qəribə bir yorğunluq dolaşır.
İnsanlar daha çox fikirli, daha gərgin, daha tez tükənən görünür.
Demək olar ki, hər kəsin beynində eyni fikir var:
“Bəlkə buradan getsəm hər şey düzələr…”
Amma maraqlı tərəf budur ki, qarşı tərəfdə də başqa biri eyni düşüncə ilə çıxış yolu axtarır.
Problem təkcə maaş, rəhbər və ya şirkət deyil. Problem artıq daha dərindir. Dünyada işin psixologiyası dəyişib.
World Health Organization “burnout”u – yəni emosional yanmanı – rəsmi olaraq “xroniki idarə olunmayan iş stressinin nəticəsi” kimi tanıyır. Bu artıq emosional şikayət deyil, qlobal iş fenomenidir.
Gallup-un 2026 Global Workplace hesabatına görə:
• Dünyada çalışan insanların yalnız 20%-i işinə həqiqi bağlılıq hiss edir
• İşçilərin 40%-i hər gün ciddi stress yaşadığını bildirir
• Menecerlərdə stress səviyyəsi artıq 45%-ə çatıb
• Stress, qəzəb və emosional yorğunluq pandemiyadan əvvəlki dövrdən hələ də yüksəkdir
Ən təhlükəli hissə isə budur:
İnsanlar artıq fiziki yox, emosional və zehni şəkildə yorulurlar.
Çünki müasir insanın beyni tarixdə heç vaxt bu qədər yüklənməmişdi.
Bir tərəfdə:
— sonsuz bildirişlər
— mesajlar
— KPI-lar
— müqayisə mədəniyyəti
— sosial media təzyiqi
— sürətli dəyişən bazar
— AI qorxusu
— qeyri-müəyyən gələcək
Digər tərəfdə isə beynin hələ də min illər əvvəlki biologiyası var.
Texnologiya sürətlə inkişaf etdi, amma insan sinir sistemi bu sürətə uyğun adaptasiya ola bilmədi.
Əvvəllər insan işdən çıxanda iş bitirdi.
İndi isə iş cibimizdə yaşayır.
Telefonlar ofisi evə gətirdi.
Sosial media isə insanı fasiləsiz müqayisəyə məruz qoydu.
Nəticədə insanlar artıq işləməkdən yox, “daimi açıq vəziyyətdə qalmaqdan” yorulurlar.
Araşdırmalar göstərir ki, “always-on culture” – yəni daim əlçatan olma mədəniyyəti – məhsuldarlığı artırmaq əvəzinə emosional tükənməni sürətləndirir. Stanford araşdırmalarına görə uzun saatlar işləmək müəyyən nöqtədən sonra məhsuldarlığı aşağı salır.
Ən böyük paradoks isə budur:
İnsanların çoxu işdən qaçmağa çalışır, amma əslində qaçmaq istədiyi şey mənasızlıq hissidir.
Maaş insanı bir müddət saxlayır.
Məna isə uzun müddət yaşadır.
Gallup-un məlumatına görə insanlar gördüyü işin faydalı və mənalı olduğuna inananda həm stressə daha dözümlü olur, həm də emosional vəziyyətləri stabilləşir.
Bəlkə də problem insanların zəifləməsi deyil.
Bəlkə də müasir iş sistemləri insan psixologiyasının daşıya biləcəyindən daha sürətli və daha mexaniki hala gəlib.
Çünki insan robot deyil.
İnsan:
hörmət,
məna,
ədalət,
təhlükəsizlik,
dəyər hissi və emosional balansla işləyə bilir.
Bunlar olmayanda isə ən yüksək maaş belə daxildəki yorğunluğu gizlədə bilmir.
Gələcəyin ən güclü şirkətləri təkcə yüksək maaş verənlər olmayacaq.
İnsan psixologiyasını anlayan,
emosional təhlükəsizlik yaradan,
məna hissi verən,
və insanı sadəcə “resurs” kimi görməyən şirkətlər qalib gələcək.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər