Sumqayıtda bu yataqxanalar söküləcək -AÇIQLAMA
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində yerləşən 5 saylı yataqxananın sakinləri redaksiyamıza müraciət edərək yaşadıqları binanın gələcək taleyi ilə bağlı narahatlıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, 5 mərtəbəli yataqxana uzun illərdir istismar olunur və hazırkı vəziyyəti yararsız hesab edilir. Onlar binanın sökülməsi nəzərdə tutulan yaşayış binaları siyahısına daxil edilib-edilmədiyini öyrənmək istəyirlər.
Bununla yanaşı, sakinlər bildirirlər ki, binanın ətrafında uşaqların asudə vaxtını keçirə biləcəyi park, oyun meydançası və ya sakinlərin istifadəsi üçün skamyalar yoxdur. Onlarda belə bir fikir formalaşıb ki, ərazidə abadlıq işlərinin aparılmaması gələcəkdə söküntü nəzərdə tutulması ilə bağlı ola bilər.
ERAmedia xəbər verir ki, məsələ ilə bağlıMedian.Az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və yaşayış üçün təhlükə yaradan binaların mərhələli şəkildə sökülərək yerində müasir yaşayış komplekslərinin inşa edilməsi istiqamətində işlər həyata keçirilir.
“Bu çərçivədə əvvəlki illərdə bir neçə yataqxana binası sökülmüş, onların yerində yeni yaşayış binalarının tikintisi həyata keçirilmişdir.
Hazırda isə bu proses 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə davam etdirilir. Gələcək mərhələlərdə də istismar müddətini başa vurmuş qəzalı binaların mərhələli şəkildə sökülməsi və onların yerində müasir yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulur”, — deyə Sumqayıt Şəhər İcra Hakimiyyəti bildirib.









