media-tahir-mirkisili

Azərbaycan iqtisadiyyatında staqflyasiya və böhran olması ilə bağlı səsləndirilən fikirlər tənqid olunub.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, son dövrlər REAL Partiyasının Siyasi Komitəsinin üzvü İlqar Məmmədovun sosial şəbəkələrdə iqtisadi mövzularla bağlı fikirlərində yanlış və manipulyativ yanaşmalar müşahidə olunur.

Tahir Mirkişili İlqar Məmmədovun Azərbaycan iqtisadiyyatında staqflyasiya və böhran olması barədə iddiasına da münasibət bildirib.

“Staqflyasiyanın hər 3 parametri üzrə biz rəsmən iqtisadi böhrana giririk. Yeni Azərbaycan Partiyasının rəhbərliyi sayəsində”, – deyə İlqar Məmmədovun fikrini xatırladan deputat bu iddianın iqtisadi göstəricilərlə təsdiqlənmədiyini vurğulayıb.

Onun sözlərinə görə, iqtisadiyyatda staqflyasiyanın əsas göstəriciləri kimi iqtisadi durğunluq, yüksək inflyasiya və ciddi işsizlik nəzərdə tutulur.

Tahir Mirkişili bildirib ki, Azərbaycanda ÜDM artımının 0%-ə yaxın olması ilə bağlı iddia mövcud göstəricilərə uyğun gəlmir. Onun sözlərinə görə, ilin ilk 8 ayında ölkədə ÜDM 1,2%, qeyri-neft-qaz ÜDM-i 2,1%, qeyri-neft sənayesi 5,4%, nəqliyyat 8,7%, informasiya və kommunikasiya texnologiyaları sektoru isə 10% artıb.

Deputat əlavə edib ki, əsas kapitala investisiyalar da 10,7% yüksəlib. O, Beynəlxalq Valyuta Fondunun ilin sonuna Azərbaycan üzrə ÜDM artımı ilə bağlı proqnozunun 2,1% olduğunu diqqətə çatdırıb.

İnflyasiya məsələsinə toxunan Tahir Mirkişili qeyd edib ki, ilin ilk 8 ayında inflyasiya 5,7% təşkil edib və bu göstərici Mərkəzi Bankın 4% ±2% hədəf diapazonundadır.

Deputatın sözlərinə görə, eyni dövrdə ölkədə orta aylıq əməkhaqqı 7,2% artıb və nəticədə real gəlirlərdə də artım qeydə alınıb.

İşsizliklə bağlı iddialara gəlincə, Tahir Mirkişili miqrasiyanın işsizliyin birbaşa göstəricisi olmadığını bildirib.

“Dünya Bankının göstəricilərinə görə, Azərbaycanda işsizlik 5,5%, Gürcüstanda 12,1%, Ermənistanda isə 12,9%-dir. Üstəlik, Dünya Bankının 2025-ci il üzrə xalis miqrasiya göstəricilərində Azərbaycan üzrə müsbət 8731 nəfər göstərilir”, – deyə deputat qeyd edib.

Tahir Mirkişili bu göstəricilərə əsaslanaraq Azərbaycanda kütləvi işsizlik olması barədə iddianın öz təsdiqini tapmadığını vurğulayıb.

“Bu iddiaların heç biri öz təsdiqini tapmadığı üçün Azərbaycan iqtisadiyyatını ‘böhrana girir’, ‘staqflyasiyadadır’ kimi adlandırmaq səhvdir və bu iddia doğru deyil”, – deputat bildirib.

O əlavə edib ki, ölkənin strateji valyuta ehtiyatlarının 15,7% artaraq 90,8 milyard dollara çatması, xarici dövlət borcunun 7,8% azalması, büdcədə 3,7 milyard manat profisit yaranması, əhalinin bank depozitlərinin 15,8%, kreditlərin 12,9%, investisiyaların isə 10% artması iqtisadiyyatın böhran vəziyyətində olması barədə fikirlərlə uzlaşmır.

Deputat Azərbaycan iqtisadiyyatının qarşısında müəyyən çağırışların mövcud olduğunu da vurğulayıb. O, məhsuldarlığın artırılması, qeyri-neft sektorunun inkişafı, maliyyə dərinliyinin yüksəldilməsi, ixracın artırılması, biznes kreditlərinin payının və özəl investisiyaların artırılması kimi məsələlərin müzakirə edildiyini bildirib.

Tahir Mirkişili qeyd edib ki, bu istiqamətdə dövlət tərəfindən yeni addımlar atılır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı” da iqtisadiyyatın inkişafına mane olan amillərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdən biridir.

Deputat, həmçinin İlqar Məmmədovun müxtəlif iqtisadi göstəricilərlə bağlı digər yanaşmalarını da tənqid edib.

O bildirib ki, müxtəlif ölkələrdə əməkhaqqını sadəcə dollara çevirərək vergi, qiymət səviyyəsi, alıcılıq qabiliyyəti pariteti (PPP) və real əməkhaqqını nəzərə almadan müqayisə etmək metodoloji baxımdan düzgün deyil.

Tahir Mirkişili Cənubi Qafqazda Azərbaycanın iqtisadiyyatının nisbi payının azalmasının ölkə iqtisadiyyatının kiçilməsi kimi təqdim edilməsini də metodoloji manipulyasiya adlandırıb.

Deputat vurğulayıb ki, iqtisadi göstəricilərin təhlilində baza effektləri və digər metodoloji amillər nəzərə alınmalıdır.

“Bu yazı İlqar Məmmədovun şəxsiyyətinə qarşı deyil, məqsəd onun dediklərinin doğru olmadığını göstərməkdir. Partiyalar arasında siyasi dialoq mühitinin ruhuna uyğun olaraq ümid edirəm ki, o da bunu konstruktiv qəbul edəcək, doğruları öyrənəcək və növbəti çıxışlarında iqtisadiyyatdan, ona yad olan bir sahədən bir daha danışmayacaq”, – Tahir Mirkişili bildirib.

Deputat, ümumilikdə, müxalifət və ya müstəqil şəxsləri dövlətin iqtisadi siyasəti ilə bağlı fikirlərində daha peşəkar olmağa, doğru metodologiyadan istifadə etməyə, rəqəmlərə düzgün istinad etməyə və iqtisadi məntiqin ardıcıllığına söykənməyə çağırıb.

“Baxmaq gözün işi, görmək isə ürəyin işidir”, – deyə Tahir Mirkişili qeyd edib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər