media-002-29-12-2021-24908

Bu gün cəmiyyətdə “əsl məktəb həyatdır” fikri ilə bağlı müzakirələr davam edir.

ERAmedia xəbər verir ki, yazıçı Aqşin Yenisey bu yanaşmanın xüsusilə Azərbaycanda yanlış istiqamətdə istifadə olunduğunu bildirib.

Onun sözlərinə görə, qədim sofistlərdən və stoaçılardan gələn “əsl məktəb həyatdır” düşüncəsi zamanında müəyyən mənada əsaslı idi. Həmin dövrdə məktəblərin, universitetlərin geniş yayılmadığını, bilikli və imkanlı insanların müxtəlif ölkələri gəzərək əldə etdikləri bilikləri küçələrdə və bazarlarda insanlara çatdırdıqlarını xatırladan yazıçı qeyd edib ki, kitabların hazırlanması da uzun illər çəkən zəhmətin nəticəsi idi.

Yazıçı vurğulayıb ki, təhsilin kütləviləşməsindən, xüsusilə 1789-cu ildən sonra vəziyyət dəyişib. Onun fikrincə, inkişaf etmiş ölkələr həyatdan deyil, məhz təhsildən öyrəndiklərinə inanaraq cəmiyyətlərini formalaşdırıblar, geridə qalan xalqlar isə həyatı əsas məktəb hesab etməyə davam ediblər.

Aqşin Yenisey hesab edir ki, müasir dövrdə həyat artıq insana yeni bilik qazandıran əsas mənbə deyil. O bildirib ki, bu gün həyatı istiqamətləndirən məhz təhsildir və ən yüksək mənəvi dəyərlər, fəzilətlər də təhsil səviyyəsi yüksək olan cəmiyyətlərdə daha çox müşahidə edilir.

Yazıçının fikrincə, ən ciddi əxlaqi problemlər və səviyyəsiz mövzular isə həyatdan dərs çıxarmağı əsas meyar hesab edən mühitlərdə daha çox rast gəlinir.

Aqşin Yenisey əlavə edib ki, təhsil dedikdə yalnız məktəb və universitet proqramlarını nəzərdə tutmur. O, xüsusilə mütaliə mədəniyyətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanda oxu vərdişinə və kitab mədəniyyətinə çox vaxt laqeyd münasibət göstərilir.

Yazıçı müşahidələrinə əsaslanaraq qeyd edib ki, sosial şəbəkələrdə də iki fərqli düşüncə tərzi qarşı-qarşıyadır. Onun sözlərinə görə, təhsilə və mütaliəyə söykənən azlıq tez-tez təhqirlərə məruz qalır, “həyat məktəbini” yalnız şəxsi təcrübəsi ilə keçdiyini iddia edən çoxluq isə hər davranışına hörmət tələb edir.


media-adspc

Bənzər xəbərlər