media-1780431818_260326-president-donald-trump-signature-ew-611p-6a1974

ABŞ prezidenti Donald Tramp qabaqcıl kvant texnologiyalarının inkişafına yönəlmiş iki yeni prezident sərəncamı imzalayıb.

ERAmedia-nın məlumatına görə, Ağ Evdə keçirilən imzalanma mərasimində çıxış edən Tramp bildirib ki, kvant texnologiyaları ölkənin iqtisadi inkişafı və yeni nəsil innovasiya potensialı baxımından strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, ABŞ hazırda kvant texnologiyaları sahəsində dünya lideridir və yeni qərarlar bu üstünlüyün daha da gücləndirilməsinə xidmət edəcək.

Tramp vurğulayıb ki, imzaladığı ilk sərəncam mühüm elmi hesablamaları həyata keçirə bilən kvant kompüterinin hazırlanması, həmçinin növbəti beş il ərzində kvant əsaslı sensorlar və şəbəkələrin yaradılması məqsədilə milli təşəbbüsün başlanmasını nəzərdə tutur.

ABŞ lideri qeyd edib ki, ölkənin kvant sahəsində liderliyinin möhkəmləndirilməsi üçün indiyədək görünməmiş həcmdə investisiyalar yatırılacaq.

Trampın sözlərinə görə, ikinci sərəncam isə federal qurumların kompüter sistemlərinin 2031-ci ilədək “kvant kriptoqrafiyası” adlandırılan təhlükəsizlik sisteminə keçirilməsini, eləcə də yüksək təhlükəsizlik standartlarının daha geniş miqyasda tətbiqinə rəhbərlik etmələrini nəzərdə tutur.

Tramp bildirib ki, bu addımlar ABŞ-ın texnoloji üstünlüyünü qorumaqla yanaşı, milli təhlükəsizlik və iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsinə də töhfə verəcək.

Donald Trampın kvant texnologiyalarının inkişafına dair imzaladığı yeni sərəncamlar ilk baxışda elmi-tədqiqat və innovasiya sahəsinə aid qərarlar kimi görünsə də, onların arxasında daha geniş geosiyasi və iqtisadi məqsədlər dayanır. Son illərdə süni intellekt, yarımkeçiricilər və kvant texnologiyaları qlobal güc rəqabətinin əsas istiqamətlərindən birinə çevrilib. Vaşinqtonun yeni təşəbbüsü də məhz bu mübarizədə ABŞ-ın üstün mövqeyini qorumaq niyyətindən xəbər verir.

Kvant texnologiyaları adi kompüterlərin imkanlarını dəfələrlə üstələyə biləcək hesablama gücü vəd edir. Bu sahədə əldə olunacaq nailiyyətlər yalnız elmi araşdırmalar üçün deyil, müdafiə sənayesi, kəşfiyyat fəaliyyəti, maliyyə sistemləri, logistika və sənaye istehsalı üçün də ciddi dəyişikliklər yarada bilər. Buna görə də kvant texnologiyaları artıq təkcə elm sahəsinin deyil, milli təhlükəsizlik strategiyalarının da mühüm elementinə çevrilib.

Tramp administrasiyasının qəbul etdiyi qərarlar ABŞ-ın bu istiqamətdə uzunmüddətli liderlik planının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında “açıq ara liderik” ifadəsini işlətməsi də təsadüfi deyil. Vaşinqton son illərdə texnoloji üstünlüyünü qorumaq üçün müxtəlif addımlar atıb. Xüsusilə Çinlə rəqabət fonunda qabaqcıl texnologiyaların inkişafı və onların rəqib dövlətlərin əlinə keçməsinin qarşısının alınması ABŞ siyasətinin əsas prioritetlərindən biri olub.

Müşahidəçilərin fikrincə, yeni sərəncamlar ilk növbədə Çinə ünvanlanmış strateji mesaj kimi qəbul edilə bilər. Pekin son onillikdə kvant hesablamaları, kvant rabitəsi və kvant şifrələnməsi sahələrinə milyardlarla dollar investisiya yatırıb. Çin rəhbərliyi bu texnologiyaları gələcək iqtisadi və hərbi üstünlüyün əsas mənbələrindən biri hesab edir. ABŞ isə bu sahədə liderliyini itirməyin gələcəkdə qlobal güc balansına ciddi təsir göstərə biləcəyini anlayır.

Federal qurumların kompüter sistemlərinin gələcəkdə kvant kriptoqrafiyasına keçidini nəzərdə tutan qərar da təhlükəsizlik aspektinin ön plana çıxdığını göstərir. Mövcud şifrələmə sistemlərinin əhəmiyyətli hissəsi gələcəkdə güclü kvant kompüterləri tərəfindən qırıla bilər. Bu isə dövlət sirrlərindən tutmuş maliyyə əməliyyatlarınadək geniş sahələrdə risklər yaradır. ABŞ administrasiyası bu təhlükəni qabaqlamaq və dövlət infrastrukturunu yeni dövrün çağırışlarına uyğunlaşdırmaq niyyətindədir.

Digər tərəfdən, kvant texnologiyalarına investisiyaların artırılması ABŞ iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Vaşinqton hesab edir ki, gələcəyin ən böyük bazarlarından biri məhz kvant texnologiyaları olacaq. Bu sahədə liderlik təkcə elmi nüfuz deyil, həm də milyardlarla dollar dəyərində yeni sənaye sahələrinin, iş yerlərinin və texnoloji ixrac imkanlarının formalaşması deməkdir.

Bununla belə, kvant texnologiyaları sahəsində liderlik uğrunda mübarizənin qısa müddətdə nəticə verəcəyi gözlənilmir. Hələ də bir çox texniki problemlər həllini tapmayıb və texnologiyanın kommersiya tətbiqləri məhdud olaraq qalır. Lakin böyük dövlətlər artıq bu yarışın gələcək dünya nizamında mühüm rol oynayacağını qəbul ediblər və buna görə də indidən mövqelərini möhkəmləndirməyə çalışırlar.

Trampın imzaladığı yeni sərəncamlar yalnız elmi inkişaf proqramı deyil, həm də ABŞ-ın geosiyasi strategiyasının bir hissəsidir. Vaşinqton bu addımlarla həm iqtisadi rəqabət qabiliyyətini artırmağa, həm milli təhlükəsizliyini gücləndirməyə, həm də Çinlə davam edən texnoloji rəqabətdə üstünlüyünü qorumağa çalışır. Kvant texnologiyalarına yönələn diqqət göstərir ki, gələcək onilliklərdə dövlətlərin gücü təkcə hərbi və maliyyə resursları ilə deyil, eyni zamanda ən qabaqcıl texnologiyalara nə dərəcədə sahib olmaları ilə müəyyən ediləcək.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər