media-a96bc15b-bb6a-4d4f-af2c-a11157fd7fc2

ABŞ prezidenti Donald Tramp Ankara şəhərində keçirilən 36-cı NATO Zirvəsindən sonra mətbuat konfransı keçirib.

ERAmedia xəbər verir ki, Tramp Ankara–Vaşinqton münasibətlərindən danışarkən İran tərəfindən hədəf alındığını və “ölüm siyahısında birinci sırada” olduğunu iddia edib.

Beştəpədə təşkil olunan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin başa çatmasından sonra jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə ilə münasibətlərə xüsusi yer ayırıb. O, Prezident Rəcəb Tayyib Ərdoğanı “böyük lider və güclü şəxsiyyət” adlandıraraq iki ölkə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib. Tramp F-35 proqramı ilə bağlı yaxın zamanda qərar veriləcəyini deyib və Türkiyənin regional münaqişələrdən uzaq duraraq güclü müttəfiqlik nümayiş etdirdiyini vurğulayıb.

Mətbuat konfransında şəxsi təhlükəsizliyi və Yaxın Şərq siyasəti barədə də danışan Tramp Tehran rəhbərliyinin onu hədəf aldığını iddia edib. “İranın ölüm siyahısında birinci sıradayam”, – deyən Tramp vəzifədə olan ABŞ prezidentinin öldürülmə riskinin 5,2 faiz səviyyəsində olduğunu xatırladıb və bu təhdidlərə baxmayaraq fəaliyyətini davam etdirdiyini bildirib.

ABŞ-ın hərbi addımları nəticəsində İranın əməliyyat gücünün və raket potensialının ciddi şəkildə zəiflədiyini iddia edən Tramp Vaşinqtonun təhdidlərə əvvəlkindən daha sərt cavab verdiyini və hərbi müdaxiləyə hazır vəziyyətdə olduğunu qeyd edib. O, Hörmüz boğazı və neft bazarındakı vəziyyətin qısa müddətdə sabitləşəcəyini proqnozlaşdırıb.

Tramp NATO daxilində maliyyə balanslarına da toxunaraq öz təzyiqləri nəticəsində müttəfiq ölkələrin müdafiə xərclərini 150 milyard dollar artırdığını irəli sürüb. O, Hollandiya zirvəsində müdafiə xərclərinin ÜDM-in 2 faizindən 5 faizinə çatdırılması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.

ABŞ prezidentinin sözlərinə görə, üzv ölkələr bu vəsaitlərin böyük hissəsini Amerika istehsalı olan hərbi texnikanın alınmasına yönəldir və bu, ABŞ müdafiə sənayesinin fasiləsiz işləməsinə səbəb olur. Tramp həmçinin bu il ABŞ müdafiə büdcəsinə 1 trilyon dollarlıq rekord yatırım ayrıldığını açıqlayıb.

Tramp Ərdoğan, Zelenski və Əhməd əş-Şara ilə keçirdiyi ikitərəfli görüşlərin müsbət nəticə verdiyini bildirib və medianın bu diplomatik təmaslara kifayət qədər diqqət ayırmadığını deyib.

O, həmçinin Pekinin qlobal münaqişələrdən uzaq durduğunu qeyd edərək Çinin ABŞ-ın gücünə daha çox hörmət etməyə başladığını iddia edib.


media-adspc

Bənzər xəbərlər